“İşğalçı Ermənistanın məskunlaşdırma siyasəti beynəlxalq hüquqa ziddir”. Bu sözləri tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərinə erməni mənşəli ailələri yerləşdirməsi məsələsinə münasibət bildirərkən deyib.
“Suriya ermənilərindən sonra bu dəfə də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı məsələ Ermənistanda yenidən aktuallaşmağa başlayıb. Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirmişdir.
İşğal olunmuş tarixi torpaqlarımızda Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti bu dövlətin işğalçı mahiyyətini bir daha sübut edir. Üstəlik bu məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır. Lakin düşünürəm ki, məsələnin tək qeydə alınması kifayət etmir və Azərbaycan tərəfini qəti şəkildə qane etmir. ATƏT Ermənistanın bu əməllərinin qarşısının alınması istiqaməində konkret tədbirlər görməlidir. Şübhəsiz ki, Ermənistanın bu cür davranışları, danışıqlar prosesinə kölgə salmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulması deməkdir” – deyə, Şəbnəm Həsənova bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirmişdir: “Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxarda bilər”.