Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağstafa və Tovuz rayonlarında səfərdə olub. Nazir Ağstafa rayonunun Böyükkəsik kəndində yerləşən Dilbaz Atçılıq təsərrüfatında cins atların yetişdirilməsi üçün görülən işlərlə, atların saxlanma şəraiti ilə tanış olub. Həmçinin, Poylu qəsəbəsi ərazisində 120 hektar sahədə salınmış intensiv bağa, Poylu kəndində fermer Qədim Qədimovun üzüm bağına baş çəkib, bağlarda kütləvi məhsul yığımına hazırlıq prosesini dəyərləndirib, satış prosesinin təşkili ilə maraqlanıb, fermerlərin təkliflərini dinləyib.
Nazir Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində sahələrdə kartof yığımı prosesini müşahidə edib, fermer Kamal Ələsgərovun sahəsində kartofçuluqla məşğul olan fermerlərlə məhsuldarlığın daha da artırılması, təsərrüfatlarda müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsi, məhsul satışı ilə bağlı fikir mübadiləsi aparıb. Səfər çərçivəsində nazir rayonun Aşağı Quşçu kəndində fermer İsmayıl Hüseynovun üzüm bağı, Alakol kəndində 54 hektar sahədə salınmış intensiv bağla tanış olub, Tovuz Dənli Bitkilərin Toxum Emalı Zavodunda istehsal prosesinin gedişi ilə maraqlanıb.