Home Manşet Şəbnəm Həsənova: Dövlətimiz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini ali vəzifə hesab edir

Şəbnəm Həsənova: Dövlətimiz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini ali vəzifə hesab edir

647
0
SHARE

Azərbaycan dövləti koronavirusla mübarizə istiqamətində nümunəvi addımlar atan ölkələrdən biri kimi tarixə düşməkdədir. Belə ki, yaranmış kritik vəziyyətə dərhal adkevat reaksiya göstərən Azərbaycanın müasir səhiyyə infrastrukturunun yaradılması, koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması, 600 yerlik Yeni Klinikanın açılması, 11 modul tipli 11 xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması-sadalanan amillərin hər biri bunu gücləndirən faktlardır.

Bunu tan.az-a politoloq Şəbnəm Həsənova ölkəmizdə koronavirusa qarşı həyata keçirilən tədbirləri şərh edərkən deyib.

O bildirib ki, qısa müddət ərzində ölkəmizdə müasir laboratoriyaların sayı 45-ə çatdırılıb və 900 mindən çox test keçirilib:

“Bu gün Azərbaycan adambaşına düşən testlərin sayına görə dünya miqyasında lider dövlətlər sırasındadır. Pandemiyanın ilk günlərindən ön cəbhədə mübarizə aparan həkimlərə, səhiyyə işçilərinə göstərilən diqqət bir daha sübut etdi ki, ən çətin anlarda belə insanlarımız daim dövlətin qayğısı ilə əhatə olunurlar.  Daim vətəndaşı düşünən dövlətimiz əlavə olaraq Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlərin Azərbaycana dəvət edilməsini həyata keçirdi. Tam əminliklə deyə bilərik ki, COVID-19 ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar olduqca çevik qərarlardır və hamısı da yüksək keyfiyyətlə icra olunur.

Pandemiyanın gətirdiyi çətinliklər sadəcə sağlamlığımızla kifayətlənmir. Bu bəla heç bir ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə də təsirsiz ötüşmür. Azərbaycan bu mənfi təsiri minimuma endirmək üçün praktiki addımlar atdı. Bu gün beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunmuşdur. Nəinki təkcə dövlət sektorunda, eyni zamanda özəl sektorda da işləyən insanlar, həmçinin işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilmişdir. Sosial və iqtisadi problemlərin insanların sosial-psixoloji həyatına təsirsiz ötüşməyəcəyini nəzərə alsaq o zaman əminliklə deyə bilərik ki, bu kimi müxtəlif kateqoriyada qəbul və icra edilən paketlər insanların həyatına müsbət təsir etdi. Nəticə etibarilə də əyani şəkildə sübut olunur ki, bəli, insanların rifahı, onların sosial vəziyyəti və sağlamlığı Azərbaycan dövləti üçün ən prioritet məsələdir.

Vətəndaşların məsuliyyətli davranışı qısa müddət ərzində normal həyata qayıtmağın əsas şərtlərindən biridir. Azərbaycanda hal-hazırda mövcud olan vəziyyət və bu istiqamətdə əldə olunan nəticələr kompleks və sistemli yanaşmanın nəticəsidir. Vətəndaşların da dövlətin səsinə səs verməsi müsbət nəticəyə töhfə vermiş oldu. Əgər dövlət bir tərəfdən vətəndaşların məsuliyyətli davranışını, qaydalara riayət edilməsinin zəruriliyini təşviq edib, maarifləndirmə işləri aparırdısa vətəndaş da öz dövlətinə olan inamından irəli gələrək qayda-qanunlara əməl edirdi.

Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Belə ki, ötən altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, habelə yumşalma addımları atılmışdır və iyul ayının ortalarından müsbət dinamikanın əldə olunması təmin edilmişdir. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı üçə çatmışdır. Müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri bundan sonra da davam etdiriləcəkdir. Burada bir vacib məsələni unutmaq olmaz ki, yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Beynəlxalq aləmə nəzər yetirdiyimiz zaman görürürük ki, fəal açılışlara gedən ölkələrdə açılışılardan sonra xəstələrin sayı kəskin artmışdır. Azərbaycanda da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılım təmin edilə bilərdi. Lakin Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. COVID- 19 ilə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təqdirəlayiqdir. Məhz həyata keçirilən tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Məsuliyyət yenə də və hələ də vətəndaşların üzərinə düşür. Belə ki, əgər onlar bundan sonrakı mərhələdə də məsuliyyətli olarlarsa, qısa müddət ərzində normal həyata qayıtmaq mümkün olacaq.

Lakin çox təəssüf ki, hələ də vəziyyətin ciddiliyini dərk etməyən, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları müşahidə olunmaqdadır. Nəzərə alsaq ki, Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir. Elə buna görə də hər kəs dərk etməlidir ki, məsuliyyətsizlik, qanunları və qaydaları pozan şəxslərə qarşı cəza tədbirləri əsas götürülməklə ölkəmizdə qanunun aliliyinin və hər kəsin qanun qarşısında bərabər olduğunun həyata keçirilməsi bundan sonra da davam edəcək. Belə ki, cəza tədbirləri sosial kateqoriyasından asılı olmayaraq bütün insanlara eyni cür tətbiq edilir. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.