Home Manşet Şəbnəm Həsənova: Türkiyənin rolunun de-yure, ya da de-fakto olmasının önəmi yoxdur

Şəbnəm Həsənova: Türkiyənin rolunun de-yure, ya da de-fakto olmasının önəmi yoxdur

351
0
SHARE

“Bu gün Türkiyə beynəlxalq münasibətlər sisteminin ən vacib aktorlarından biri qismində çıxış edir. Elə yaxın zamana boylanmaq kifayətdir ki, bu ölkənin istər regionumuzda, istər Yaxın Şərqdə, Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, istərsə də dünyada olan çəkisini anlaya bilək. Türkiyənin bir dövlət kimi illərdir formalaşdırdığı xarici siyasət kursu və bu kursun prioritet istiqamətləri var ki, atdığı qətiyyətli addımlarla heç bir dövlətə güzəştə getmək niyyətində deyil. Bu gün bütün bu məsələlərdə sadə dillə desək, Türkiyə sağa-sola baxmadan öz milli maraqlarının qorunması istiqamətində hərəkət edir”.

Bu sözləri tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, Türkiyənin beynəlxalq münasibətlər sistemində müstəqil və qətiyyətli oyunçu kimi davranışı bəzi dairələri razı salmır: “Bu səbəbdən də bəlli dairələr Türkiyəyə qarşı hücumçu mövqe qismindədirlər. Türkiyəni iblisləşdirmək məqsədi Qərbdə müasir siyasi modanın hansısa normasına çevrilir ki, bu, tamamilə əsassızdır. Bununla yanaşı, Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoydu. Bu amilin özü də, yəni Türkiyənin Qərbin diktəsini qəbul etməməsi Qərbin bütün planlarını alt-üst etdi. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur. Türkiyə həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Bu ölkənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur və istənilən hərbi-siyasi problemi həll edə bilər”.

Politoloqun sözlərinə görə, hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır: “Türkiyə rəhbərliyinin, şəxsən prezidentin və digər rəsmi şəxslərin Dağlıq Qarabağla bağlı fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin hazırkı dönəmdə Qarabağa müdaxiləsinin qarşısının alınmasında az rol oynamadı. Bu səbəbdən də Türkiyənin bu münaqişədə və Cənubi Qafqaz regionunda rolu yalnız müsbətdir. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yollarla həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Bu gün bəzi dairələrdən fikirlər səsləndirilir ki, Türkiyə nəyə görə Rusiyanın vasitəçiliyi ilə baş tutan Moskva danışıqlarında iştirak etmədi? Türkiyənin Moskvada baş tutan danışıqlarda iştirakı nəzərdə tutulmurdu, çünki Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Eyni zamanda bu danışıqlar prosesi də deyil, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır.

Lakin o faktı da vurğulayaq ki, bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Ümumiyyətlə, işçi qrupun tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Nəzərə alsaq ki, Minsk Qrupunun tərkibində bu bölgədən uzaqlarda yerləşən, bu regionla heç bir əlaqəsi olmayan, habelə münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var və onların orada mövcudluğu formal xarakter daşıyır. O zaman onsuz da Minsk qrupunun üzvü olan, bölgəyə digər həmsədr ölkələrindən daha yaxın olan Türkiyənin münaqişənin həll olunmasında tərəf olması tam əsaslıdır. Bu gün Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində mühüm rol oynayır. Bu rolun texniki məsələ kimi ya hüquqi, ya da de-fakto həyata keçirilməsinin qəti önəmi yoxdur, Türkiyə mütləq bu problemin siyasi həllində olmalıdır və onsuz da mənəvi cəhətdən bizə dəstəkdir. 27 sentyabrdan bu günə qədər Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar”.

Ş.Həsənova vurğulayıb ki, erməni yalan maşını feyk-nyuslar yayır ki, guya Azərbaycan Türkiyə tərəfindən idarə edilir və Türkiyənin iradəsini yerinə yetirir.

Onun sözlərinə görə, bütün bu iddialar tamamilə əsassız və yalandır: “Bu kimi yalan xəbərlər Ermənistan tərəfindən dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın artan gücü və nüfuzu ölkəmizə kifayət qədər geniş imkanlar verir ki, öz taleyüklü məsələlərində dövlətimiz heç kimin diktəsini icra etmədən müstəqil qərarlar qəbul edə bilsin. Belə əsassız xəbərlər, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib ki, hər iki dövlət və eyni kökdən olan xalq qəti şəkildə buna imkan verməyəcək. Eyni zamanda bir digər istək Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, guya hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Bu, tamamilə əsassızdır. Azərbaycan öz torpaqlarını özü azad edir və beləliklə də “yenilməz erməni ordusu” haqqında mifi Azərbaycan ordusu puç edir ki, əslində, belə ordunun yox olmasını hamı bilsin”.