Hər zaman qərəzli mövqeyi ilə seçilən bu təşkilatların Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı obyektiv bəyanatları erməni lobbisinin məğlubiyyətindən xəbər verir.
“Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatların yaydıqları açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda, bu təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar veriblər.
tan.az xəbər verir ki, “Amnesty International”ın və “Human Rights Watch”un açıqlamalarını şərh edən politoloq Şəbnəm Həsənova bu təşkilatların Ermənistanın klaster silahlarla mülki bölgələrə hücum edilməsini pisləyən açıqlamalarla çıxış etmələrinin önəmli olduğunu bildirib. O qeyd edib ki, Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən Bərdə şəhərinə açılan atəş ABŞ-ın “Vice News” kanalının müxbirləri tərəfindən də lentə alınıb. Açıqlamalarda o da qeyd olunub ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır. Bu faktın özü də bəyanatlarda qeyd edilib.
Politoloq qeyd edib ki, bu təşkilatların açıqlamaları dünya ictimaiyyətinin nəhayət ayıldığını göstərir. Nikol Paşinyan ölkədə və orduda mövcud olan iflic vəziyyəti gizlətməyə çalışsa da, bu cəhdlərin heç biri alınmadı. Artıq gündən-günə tənəzzülə uğrayan Ermənistanda nələrin baş verdiyinin hər kəs fərqindədir. Belə ki, illərlə orduları haqqında yaratdıqları “məğlubedilməzlik” mifi Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüş meydanında dağıdıldı, diplomatiya və informasiya savaşında da onların bir heç olduğu dünyaya sübut edilir. Nəzərə alsaq ki, “Amnesty International”, “Human Rights Watch” hər zaman qərəzli mövqe sərgiləyib, o zaman əminliklə deyə bilərik ki, Bərdə şəhərində yaşanan hadisələr barədə bəyanatlar bu istiqamətdə yeni bir mərhələnin başlanğıcından xəbər verir. Bu bəyanatlar dünyaya adətən bir hörümçək toru, zəhər tuluğu kimi səpələnmiş erməni lobbisinin, diaspor təşkilatlarının məğlubiyyətidir. Bu, ermənilərin illərdir saxta tarixlərini, sahib olmadıqları torpaqları mənimsəyərək dünyaya özlərininki kimi təqdim etmək cəhdlərinin iflasıdır. Bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində erməni diaspor nümayəndələrinin illərdir qrantlarla, şirnikləşdirici vədlərlə, hətta təhdid və hədələrlə etdikləri bütün cəhdlərin qarşısı əzmlə alınır. Bu cür təşkilatların isə Azərbaycan haqqında reallıqları görməyə başlaması bizim uğurumuzdur. Burada ən önəmli məsələ Prezident İlham Əliyevin sentyabrın 27-dən başlayaraq gecə-gündüz demədən dünyanın aparıcı KİV-lərinə verdiyi silsilə müsahibələr, səsləndirdiyi məntiqli, inandırıcı arqumentlər, diplomatik müstəvidə yürütdüyü səriştəli siyasət öz sözünü dedi. Artıq erməni şəbəkəsinin gerçəkləri gizlətməsi, Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırmasının qarşısı qəti şəkildə alınır. Erməni barbarlığını özündə əks etdirən faktların kütləvi və sistemli şəkildə beynəlxalq təşkilatlara təqdim edilərək lazımi reaksiyalar alınması Azərbaycanın uğurudur. Bu gün Prezident həm orduda, həm diplomatik masada, həm də informasiya məkanında savaşır və əsl Ali Baş Komandan funksiyasının nə demək olduğunu bütün dünyaya nümayiş etdirir. Məhz bu baxımdan Müzəffər Ali Baş Komandanımız başda olmaqla döyüş bölgəsində əsgər və zabitlərimiz, siyasi və diplomatik sferada diplomat və siyasətçilərimiz, informasiya məkanında kütləvi informasiya vasitəsi sahəsində çalışan insanlarımız, ictimai xadimlərimiz, sosial şəbəkələrdə sıravi vətəndaşımız Ermənistan və erməni üzərində qalibdir. Tezliklə Şuşa qələbəsini yaşamaq eşqi ilə…