Home Cəmiyyət Mənsum İbrahimov: 30 illik sınan qürurumuz Ali Baş Komandanın zəfər çıxışı ilə...

Mənsum İbrahimov: 30 illik sınan qürurumuz Ali Baş Komandanın zəfər çıxışı ilə geri qayıtdı

464
0
SHARE

Bunu Yenisaba.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Müğənni Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib:

“Əlbəttə, şəhidsiz müharibə olmaz və o şəhidlər bizim qəhrəmanlarımızdır. Çünki onlar vətən, torpaq uğrunda özlərini fəda etdilər. Mənim qardaşım oğlu İsrafil İbrahimov da vətən uğrunda şəhid oldu, o ölməyib. O, xüsusi təyinatlılarda idi. 30 gün döyüşdü və bacardığı qədər şəhidlərin qisasını aldı, Laçın dəhlizinə qədər getdi. Onun atası – Zülfüqar İbrahimov da qazidir. Biz ailədə yeddi qardaşıq, beşimiz Qarabağda döyüşmüşük. İsrafil qazinin şəhid oğlu oldu. Onun yasında izdiham vardı, 5000 adam iştirak edirdi. Orda atası müraciət etdi ki, “Mənim oğlum üçün heç kim ağlamasın, o, şəhidliyə yüksəldi. Özümə qismət olmadı, amma ona oldu”. Bu sözlərdən sonra bir qardaş kimi onunla fəxr etdim. Biz gözümüzü açandan o torpaqda doğulub böyümüşük. Hərəmiz öz sahəmizdə vətənimiz üçün çalışmışıq. Bu gün onların ruhu sözün əsl mənasında şaddır. Bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz bu gün dastan yazır. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu gün hamı Prezidentimizin ətrafındadır, bu cür birlik heç vaxt millətimizdə olmayıb. İnanıram ki, tezliklə Ağdamımız, Laçınımız, Kəlbəcərimiz işğaldan azad olacaq, qələbəmiz tam olacaq. Mən də arzuladığım kimi Qarabağ şikəstəsini zəfər bayramında Şuşada ifa edəcəyəm”.

Xanəndə qardaşı Zülfüqar İbrahimovun  Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan oğlu barədə də danışıb. O, qardaşı oğlu ilə şəhid olmamışdan bir gün əvvəl danışdığını bildirib:

“Tez-tez onunla danışırdım. Üç gündən bir əlaqə saxlayırdıq, hər anı təhlükə idi, xüsusi kəşfiyyat diversiya qrupunda idi. Hər gün qardaşıma deyirdim ki, mənə ondan xəbər ver. Şəhid olmamışdan bir gün qabaq mənə zəng vurmuşdu. Biz ona İsi deyirik, soruşdum ki, “İsi, necəsən?” Cavab verdi ki, “Əmi, çox əlayam. Artıq dəhlizə yaxınlaşırıq, şəhidlərimizin qanını da almışam, İnşallah tezliklə bayrağımızı sancacayıq. Mən də ya qazi olacam, ya şəhid. Mən ölsəm, xahiş edirəm heç kəs ağlamasın”. Ondan bir gün sonra şəhid olduğu xəbərini aldıq. Qismət, nə deyə bilərik ki?”