Beynəlxalq və regional xəbər agentlikləri təşkilatları və onlara üzv agentliklərin rəhbərləri AZƏRTAC-ın Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdə şəhərlərinə vəhşi terror hücumları ilə bağlı müraciətlərinə cavab olaraq əməli addımlar atırlar.
Xatırladaq ki, AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), Avropa Xəbər Agentlikləri Alyansına (EANA), İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) və Ərəb Xəbər Agentlikləri Federasiyasına (FANA) üzv agentliklərin rəhbərlərini Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi terror aktları barədə ətraflı məlumatlandırıb. Eyni zamanda feyk xəbərlərin bəzi beynəlxalq KİV-lərə yol tapmasından narahatlığını ifadə edərək, azərbaycanlı mülki əhaliyə qarşı amansız terror hücumlarına və müharibə cinayətlərinə həssas yanaşmağa, münaqişə barədə həqiqətləri yaymağa çağırıb.
AZƏRTAC-ın müraciətinə cavab olaraq FANA-nın Baş katibi Fərid Əyyar agentliyə məktub göndərib. O, Azərbaycanın həssas dövründə edilmiş bu müraciətlərin əhəmiyyətini vurğulayıb və təşkilata üzv xəbər agentliklərini bununla tanış etdiyini bildirib. Dağlıq Qarabağ münaqişəsinin Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ədalətlə həll olunacağına inamını ifadə edən Fərid Əyyar qeyd edib ki, FANA-ya üzv agentliklər Azərbaycanın haqlı mövqeyini işıqlandırmaq məqsədilə AZƏRTAC-ın müxtəlif dillərdə yaydığı xəbərləri diqqətlə izləyirlər. Bunun əsasında FANA-nın ərəb dilində hazırladığı informasiyalar üzv agentliklərə göndərilir və onlar tərəfindən yayılır. Bu xəbər buraxılışlarına Azərbaycan Prezidentinin uğurlu rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri haqqında məlumatlar daxildir.
Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi, üzv agentliklər arasında informasiya və təcrübə mübadiləsinin genişləndirilməsidir.