Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman insan amili, əhalinin sosial rifahı dayanıb. Bu baxmdan Aİ-92 benzinin və dizel yanacağının qiymətinin dəyişməsi ilə paralel olaraq bunun əhaliyə təsirlərinin qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, dövlət tərəfindən yanacağın qiymətinin təsirinə daha çox məruz qalan sahələrə lazımi dəstək mexanizmiləri hazırlanır: “Belə ki, Taarif Şurasının da qərarında qeyd olunduğu kimi, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara da kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir. Yəni dövlət bu yolla qiymət dəyişikliyin əhaliyə təsirinin qarşısını alır”.
Deputat bildirib ki, dövlətin əhalinin sosial rifahının yaxışlaşdırılması istiqamətində bu günə qədər gördüyü tədbirlər də yanacaq qiymətinin dəyişməsinin təsirlərinin qarşısını almış olur: “2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb.
Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən, 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib. Bütün bunlar onu göstərir ki, dövlət hər bir qərarı verən zaman ilk növbətə öz insanlarını düşünür”.