Home Manşet Sosial sahə 2021-ci ildə də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır

Sosial sahə 2021-ci ildə də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır

388
0
SHARE

Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət davam etdirildi və tarixi ədalət bərpa olundu, biz doğma Qarabağıma qovuşduq. Şanlı Qələbə ilə yanaşı ölkəmizdə bütün sahələr üzrə inkişaf əldə olundu, bütün dünyanı öz ağuşuna almış pandemiya ilə mübarizə fonunda belə əhalinin rifah halı ilə bağlı dayanıqlılıq təmin olundu.

Ölkədə həyata keçirilən bütün layihələrin, atılan bütün addımların təməlində isə ölkə iqtisadiyyatının inkişafı dayanır. İqtisadi tərəqqi imkan verir ki, əldə etdiyimiz gəlirləri vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldə bilək. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən və icra olunan sosial paketlər də bu qəbildəndir. Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb.

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyev hazırda da ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Təkcə başa vurduğumuz ötən il ərzində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial layihələr bunu deməyə əsas verir. Belə ki, 2020-ci ildə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə 2019-cu ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 mln. artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir. Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım olub. Ötən il ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə artaraq ümumilikdə 74,4 min ailə təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 2019-cu illə müqayisədə 15 faiz artaraq 238 manat təşkil edib.  Sosial cəhətdən həssas təbəqə sayılan müharibə əlilləri və şəhid ailələrinə də 1500-ə yaxın mənzil və fərdi ev verilib. Bununla yanaşı pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub. Ümumilikdə bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.

Məlum olduğu kimi, 2021-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 11 milyard 111,9 milyon manat məbləğindədir. Bu rəqəm 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. Əmək pensiyalarının orta məbləği isə 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. Bu rəqəmlər ötən ilin göstəricilərindən 13 faiz çoxdur. Həmçinin, yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.

Göründüyü kimi, Azərbaycanın iqtisadi gücü sosial sahəyə bilavasitə təsir edir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək və Böyük Qayıdışı hər birimiz təntənə ilə qeyd edəcəyik.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı