Home Manşet Əli Kərimli – Cəmil Həsənli cütlüyünün qələbəyə sevinməməsi özünü xalqın nümayəndəsi kimi...

Əli Kərimli – Cəmil Həsənli cütlüyünün qələbəyə sevinməməsi özünü xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir – Əli Əhmədov

302
0
SHARE

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir: “Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli – Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir. İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur”.

Ə.Əhmədov bildirib ki, dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi–müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi:

“Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin isə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə milli xəyanətdir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənlidən Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi:

“Lakin cütlük gözlənilənin tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər”.

Baş nazirin müavini qeyd edib ki, Əli Kərimli – Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kimə sirr deyil:

“İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlislikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır.

“Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli – Həsənli cütlüyününü anti-milli xislətini bir daha sübuta yetirir.

Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yenə də mənsub olduğu xalqla eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəmirlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır”.