Home Manşet “Milli Prioritetlər” xoşbəxt gələcəyimizə yönəldilib

“Milli Prioritetlər” xoşbəxt gələcəyimizə yönəldilib

288
0
SHARE

Vətən müharibəsində qazandığımız böyük və tarixi qələbə, torpaqlarımızın azğın düşməndən azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün geniş imkanlar yaratmaqla bərabər, qarşıya mühüm vəzifələr qoyur. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 2 fevral 2021- ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial – iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu vəzifələr bir daha öz əksini tapır və gələcək on il ərzində sürətli inkişafın gerçəkləşdirilməsi baxımından bir proqram kimi qiymətlidir.

“Son 17 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmışdır. Respublikamız bölgənin ən qüdrətli ölkələrindən birinə çevrilmiş, beynəlxalq aləmdə demokratik inkişafda olan bir dövlət kimi tanınmışdır. Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, regionda lider dövlətə çevrilməsi ilk növbədə Azərbaycan Prezidentinin düşünülmüş siyasətinin, ölkədə ictimai – siyasi sabitliyinin yaradılmasının, vətəndaş həmrəyliyinin təmin edilməsinin nəticəsidir. Ölkə rəhbərinin qətiyyətli addımları, bir çox vacib proqramların və layihələrin uğurla həyata keçirilməsi, xarici ölkələrlə sıx əməkdaşlığın yaradılması, Cənub Qaz Dəhlizi kimi mürəkkəb, çox saylı dövlətlərin və iri şirkətlərin iştirakı ilə həyata keçirilən XXI əsrin ən nəhəng enerji layihəsini reallaşdırmış, Avropaya enerji təchizatını təmin etməyə imkan vermiş, üzv ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə olmuşdur.

Dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı. Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi.

Milli Prioritetlərdə əksini tapan ümdə vəzifə qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin yaradılmasıdır ki, bu da ilk növbədə iqtisadi inkişafın təmin edilməsinə, insanların sosial – rifah halının yaxşılaşdırılmasına xidmət edir. Əlbəttə ki, iqtisadiyyatı möhkəm, davamlı və dayanıqlı olan dövlət güclüdür, çətinlikləri dəf etməyə, xalqı öz ətrafında birləşdirməyə, beynəlxalq aləmə çıxmağa qadirdir. Bunu vətən müharibəsi bir daha sübut etdi. Elə bilirəm ki, bundan sonra da ölkə iqtisadiyyatı uğurla irəli gedəcək, qəbul edilən hər bir sənəd insanlarımızın yaxşı, mənalı yaşamasına imkan yaradacaqdır”, deyə Tahir Rzayev bildirib.