İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi və əhalinin ata-baba yurdlarına qayıtması sülhün təmin olunmasında başlıca şərtdir. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədrinin sözlərinə görə, sözsüz ki, erməni təcavüzkarları bütün bunları gözləmirdilər.
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etdiyi kimi, onlar elə düşünürdülər ki, xarabazara çevirdikləri, viran qoyduqları şəhər və kəndlərə azərbaycanlılar qayıtmayacaqlar, əraziləri bərpa etmək mümkün olmayacaqdır. Məhz buna görə də erməni faşistləri heç bir yerdə daşı daş üstə qoymamışlar. Nəinki yaşayış evlərini, tarixi – mədəni, dini abidələri, qəbiristanlıqları, meşələri, gölləri məhv etmiş, yolları sıradan çıxarmış, təbiətə ciddi ziyan vurmuşlar. Ancaq Azərbaycan Ordusu, igid əsgər və zabitlərimiz bu vəhşiliklərin cavabını verdi. Düşmən əzildi, məhv oldu, şəhidlərimizin qanı yerdə qalmadı. Dövlətimiz öz qüdrətini göstərdi. Bu qüdrət, əzəmət, qəhrəmanlıq ərazilərin bərpasında da özünü göstərir. Dövlətimizin rəhbərinin verdiyi tapşırıqlar əsasında artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işləri gündən-günə sürətlənir, zəruri olan bütün tədbirlər görülür. Qeyd edildiyi kimi, hər şey sıfırdan başlanır.
Torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb, maliyyə təminatı yaradılıb. Azərbaycan ordusunun təchizatı, sərhədlərin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu işlərə 4,6 milyard manat maliyyə təminatı göstərilib.
Bu gün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi əsas məsələ kimi qarşıda durur. Cənab Prezident İlham Əliyev bir daha xatırladır ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir və bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Bu ərazilərdə istənilən fəallıq, inkişaf minalardan təmizləmə işindən asılıdır. 44 günlük müharibədə öz qüdrətini bütün dünyaya göstərən və tarixi qələbə qazanan Azərbaycan dövləti, xalqı sözsüz ərazilərin bərpa edilməsində də qəhrəmanlıq göstərəcək və nəyə qadir olduğunu bir daha sübut edəcəkdir”, deyə Tahir Rzayev bildirib.