Home Manşet Ermənistandakı Metsamor AES potensial regional fəlakət mənbəyidir

Ermənistandakı Metsamor AES potensial regional fəlakət mənbəyidir

296
0
SHARE
Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyasının (AES) ciddi təhlükə mənbəyi olması məsələsi yenidən beynəlxalq mediada aktual mövzuya çevrilib. Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında qeyd edilib ki, Metsamor AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Vurğulanıb ki, stansiyanın nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsi mümkün olmadığı üçün bu zəruri addım atılmalıdır.
Məsələyə münasibət bildirən politoloq Nurlan Qələndərli  deyib ki, Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES-in potensial regional fəlakət mənbəyi olması məlumdur: “Bir neçə il öncə Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib ki, bu da yolverilməzdir. Reallıq budur ki, Ermənistan bütün alternativ imkanlardan imtina edərək təhlükəli “Metsamor” stansiyasının istismarını hələ uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır”.
Politoloqun sözlərinə görə, bu AES regional miqyasda – geniş coğrafiyada ciddi təhlükə mənbəyi olaraq qalır: “Qeyd etdiyimiz kimi, Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. Məlumatlardan aydın olur ki, “Metsamor” AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir. Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Araşdırmalar göstərir ki, bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb. Bunlarla yanaşı, “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir”.
Politoloq nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynadığını da diqqətə çatdırıb: “Şübhəsiz, Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların  beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bomba”ların hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir. Ona görə də Avropa Komissiyasının  hesabatında Metsamor AES-in tezliklə bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılmasının zəruriliyinin vurğulanması tamamilə doğru yanaşmadır. Bu istiqamətdə təxirəsalınmaz addımlar atılmalıdır”.