Home Manşet Azərbaycan uğurları ilə tarix yazmaqda davam edir

Azərbaycan uğurları ilə tarix yazmaqda davam edir

618
0
SHARE

Vətən müharibəsinin Qələbə ilə bitməsi, torpaqlarımızın işğaldan azad olunması ilə bölgədə yeni mənzərə yaranıb. Bu bir yandan bölgədə sülhün bərqərar olunması, digər tərəfdən ölkədə yeni iqtisadi əməkdaşlıq imkanlarının təmin edilməsidir. Bu imkanlar təkcə Azərbaycan üçün deyil, regionun bütün dövlətləri üçün geniş inkişaf dövrünün əsasını qoyur. Bu isə bölgədə sülhün daha etibarlı bir bünövrə üzərində – Azərbaycan-Türkiyə əlaqələrinin regionun inkişafına yönələn münasibətlərindən yararlanaraq   fayda əldə etməyə şərait yaradacaqdır. Azərbaycan-Türkiyə dostluğunun simvolu ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamında aydın ifadə olunmuşdur. Dünyada başqa 2 dövlət tapmaq olmaz ki, onların arasında olan dostluq, həmrəylik Azərbaycan və Türkiyə arasında olan dostluq, həmrəylik qədər saf, təmiz və eyni zamanda etibarlı olsun. Bu qardaşlıq və dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Təyub Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətləri ilə bu münasibətlərin möhkəm bir təməl üzərində qurulduğunu və dayandığını təsdiq edə bilər.

Münaqişənin sona çatması yeni reallıqları üzə çıxardı. Bu, ilk növbədə Azərbaycan xalqının iqtisadi inkişaf və sülhə meylliliyi ilə dünyada artan nüfuzunun qüdrətli bir xalq olaraq beynəlxalq aləmə təqdim olunmasıdır. Vətən müharibəsi dövründə Azərbaycan xalqının ən böyük nailiyyəti kimi milli həmrəyliyini göstər olar. Bu həmrəylik zaman boyu özünün ən yüksək həddinə çatdı. Hətta keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etdiyimiz zaman xalq bu dərəcədə həmrəylik nümayiş etdirməmişdi. Çünki, həmin dövrdə də Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr var idi.  Vətən müharibəsi dövründə isə xalqımız bir nəfər kimi Ali Baş Komandan ətrafında birləşərək Azərbaycan əsgərinin döyüş ruhunun daha da artmasına stimul verdi. Bu həmrəylik özünü Azərbaycan Prezidenti İlham Əliyevin “dəmir yumruq” ifadəsi ilə düşmənin başında çatladı. Düşməni darmadağın edən bu yumruğu vurmaq zərurətdən irəli gələn, zamanında vurulan yumruq idi.  Bəzən cinayətkar cinayətdən yaxa qurtarmaq üçün yeni cinayətə əl atır. Cinayətkarı cəzalandırmaq üçün isə qanunların aliliyi yetərincə cəza üsulu olmur. Çünki, qanunlar yazılarkən  insani hisslərdən irəli gələn humanistliyə üstün verildiyi halda, cinayətlər törədilərkən daha çox aqressiyaya, vəhşiliyə əl atılır. Ermənistan xalqımıza qarşı keçən əsrin sonlarında törətdikləri soyqırım və işğalçılıq aktlarını mütəmadi olaraq hərbi təxribatlar törətməklə müzakirə dairəsindən çıxarmağa çalışırdılar. Ötən 26 il danışıqlar prosesi zamanı Azərbaycan o qədər sülhə yaxın oldu ki, müharibəyə hazır olduğumuzu düşmən də hiss eləmədi.

Vətən müharibəsi ölkənin iqtisadi gücü ilə yanaşı hərbi gücünü nümayiş etdirdi. Azərbaycan əsgəri sübut elədi ki, qısa zaman ərzində böyük işlər görmək olar. 44 gün ərzində 30 il davam edən, müasir mühəndis qurğularından ibarət müdafiə səddlərini yararaq düşməni əzdi. Azərbaycan əsgəri başqa xalq və millətlərə nümunə olacaq qədər əzmakrlıq, hünər, döyüş qabiliyyəti nümayiş etdirdi.

Beynəlxalq ictimaiyyətin diqqətini çəkən əsas məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təhdid və təzyiqlər qarşısında qətiyyəti, siyasi təcrübəsi oldu. Ali Baş Komandan olaraq İlham Əliyev özünün daha bir keyfiyyətini – sərkərdəlik qabiliyyətini və məharətini dünyaya nümayiş etdirdi. Bunun nəticəsidir ki, xalq İlham Əliyevə olan inamını həmrəylikdə göstərdi. Təkcə Vətən müharibəsi dövründə deyil, ilk dəfə hakimiyyətə gəldiyi 2003-cü ildən bu günədək verdiyi bütün vədlərə əməl etməklə xalqın etimadını qazanan Prezident İlham Əliyevin ətrafında xalqın birləşməsi bir daha sübut elədi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın seçimidir, Paşinyan isə cinayətkar bir kütlənin məhsulu.

Torpaqlarımız azad edilməsi qarşıya digər məsələlərin həllini zəruri etdi. Abadlıq-quruculuq işlərinə start verməklə bölgənin imicini özünə qaytarmaq. İlk növbədə isə infrastruktur layihələr və yolların çəkilişi ön plana çəkildi. Yol mədəniyyətdir… Yol insanların o bölgəyə səfər etməsi üçün yaradılan şəraitdir. Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərinə çəkilən yollardan birinin “Qələbə” yolu adlandırılması isə Zəfər Qələbəmizin əldə olunmasında Şuşanın işğaldan azad olunmasının xüsusi rolunun olduğu kimi dəyərləndirmək lazımdır. Məhz Şuşanın azad edildiyi gün Zəfər Qələbəmizin tarixi kimi müəyyənləşmişdir.

XXI əsrin əvvəllərindən etibarən dünyanı bürüyən iqtisadi böhran dövründə insanların rifah halınını yaxşılaşdırılmasına yönələn sosial layihələrin davamlı olaraq həyata keçirilməsi ilə dünya ictimaiyyətinin diqqətini çəkən Azərbaycan ötən ilin əvvəllərindən etibarən dünyanı bürüyən, ən iri fövqəlgüc dövlətlərin də qarşısında aciz qaldığı Pandemiya ilə mübarizədə düşünülmüş, qabaqlayıcı addımlarla dünyaya COVİD-19 ilə mübarizədə “Azərbaycan modeli”ni təqdim etdi. Əldə olunan nailiyyətlərin təsadüfi olmadığını Vətən müharibəsində hərbi əməliyyatların uğuru ilə təsdiq edən Azərbaycanın qarşıdakı dövrlərdə də uğurlara imza atacağı heç kimdə şübhə oyatmır. Azad olunmuş torpaqlarda abadlıq-quruculuq işlərinin həcmi ilə bölgədə davamlı sülhün təmin olunmasına yönəldilmiş qərarları ilə regionda güc sahibi olduğunu sübut edən Azərbaycan XXI əsrin lideri İlham Əliyevin rəhbərliyi altında tarix yazmaqda davam edir.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı