Home Manşet Sədaqət Vəliyeva: BMT-də Azərbaycanın təşəbbüsü ilə irəli sürülən qətnamənin qəbul edilməsi bir...

Sədaqət Vəliyeva: BMT-də Azərbaycanın təşəbbüsü ilə irəli sürülən qətnamənin qəbul edilməsi bir daha Prezident İlham Əliyevin fikirlərinin və təşəbbüslərinin qlobal təsdiqi oldu

465
0
SHARE

“COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılırdı. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin, BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi bunun əyani sübutu idi. Bütün tədbirlərdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxışlarında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərirdi. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdırırdı. Bu mənada, ötən gün BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi bir daha Prezident İlham Əliyevin fikirlərinin və təşəbbüslərinin qlobal təsdiqi oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, həqiqətən də dünya müharibəsi ilə müqayisə edilən COVID-19 pandemiyası şəraitində qlobal həmrəyliyə və baxışa böyük ehtiyac var idi: “Lakin çox təəssüflər olsun ki, pandemiya ilə əlaqədar bir müddət BMT, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmürdü, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdilər. Hətta, ilk vaxtlarda BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmamışdı. BMT Baş Assambleyası çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnməmişdi və yalnız deklarativ mətnlərlə yekunlaşmışdı. Amma zaman keçdikcə bütün dünya ölkələri və beynəlxalq təşkilatlar bir daha həmrəyliyin nə qədər vacib olduğunu anladılar. Nəhayət ki, BMT də Prezident İlham Əliyevin dəfələrlə gündəmə gətirdiyi, təklif etdiyi həmrəylik, ədalət təşəbbüslərinin əhəmiyyətini gördü və bu mənada BMT-də Azərbaycanın təşəbbüsü ilə irəli sürülən qətnamənin qəbul edilməsi bir daha Prezident İlham Əliyevə olan qlobal hörmət və etimadın göstəricisi oldu”.

“Dövlətimizin başçısı hər dəfə çıxışlarında COVİD-19 ilə bağlı qlobal problemləri açıqlamaqla bu böhrandan çıxmağın yollarını da göstərirdi və qeyd edirdi ki, beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev sonuncu dəfə keçirdiyi mətbuat konfransında vaksinlərin alınması sahəsindəki ədalətsizlikləri də açıq şəkildə bildirmişdi: “Hər kəs bilir ki, inkişaf etmiş ölkələr ədalətsizlik nümayiş etdirməklə kasıb dövlətləri ümumiyyətlə nəzərə almırdılar. Məsələn, Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya əhalisinin isə 269 faizi üçün vaksin ehtiyatı almışdı. Sual yaranırdı, məqsəd nə idi? Bəs kasıb ölkələr nə etməli idi? Onların əhalisi ölümə tərk edilməli idimi? Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırması bu mənada təsadüfi çağırış deyildi. Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Azərbaycan hər zaman dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olub. Amma ilk vaxtlarda ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin eqoist yanaşma ilə qarşılamışdı. Bu kontektsdə təsadüfi deyildi ki, Prezident İlham Əliyev dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxarmışdı. Prezident İlham Əliyevin səsləndirdiyi faktlar da təsdiqləyirdi ki, dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirdilər. Beləliklə də, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi bir daha Prezident İlham Əliyevi necə uzaqgörən, praqmatik lider olduğunu isbatladı, Onun təşəbbüslərinin qlobal həmrəylik üçün nə qədər əhəmiyyətli olduğu sübut olundu. Ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Hətta, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilib. Bir sözlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir”.