Home Manşet Politoloq: Zəngəzur dəhlizi türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək

Politoloq: Zəngəzur dəhlizi türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək

558
0
SHARE

“İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar bütövlükdə Avrasiya üçün mühüm geostrateji perspektivlər açıb. Yaranmış yeni unikal və universal əməkdaşlıq imkanları, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada rxalqlar və dövlətlər üçün rifah, inkişaf vəd edir. Burada ən əhəmiyyətli nüanslardan biri odur ki, regionun gələcəyi ilə əlaqədar aydın strateji baxışları olan Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin gerçəkləşdirilməsi istiqamətində üstün geosiyasi iradə nümayiş etdirir”.

Bu fikirləri açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın təşəbbüsü, liderliyi, moderatorluğu və fəal iştirakı ilə yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması fonunda bölgədə yaranacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir: “Qeyd etdiyim kimi, bu geostrateji şərait Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyanı əhatə edir. Özəlliklə də, bəhs olunan reallıqlar türkdilli dövlətlər arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə olacaq. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada geosiyasi fəallığın artmasına, geoiqtisadi rəqabətin güclənməsinə  təkan verəcək”,-deyən N.Qələndərli əlavə edib ki, bəhs olunan tendensiya və proseslər Azərbaycanın regional supergüc kimi beynəlxalq münasibətlərin gələcək inkişafında rolunun artacağını proqnozlaşdırmağa əsas verir.