Home Manşet Tahir Rzayev: Prezidentin çıxışı Türkdilli dövlətlərin birliyinin möhkəmləndirilməsinə hesablanıb”

Tahir Rzayev: Prezidentin çıxışı Türkdilli dövlətlərin birliyinin möhkəmləndirilməsinə hesablanıb”

541
0
SHARE

Millətin, vətənin, torpağın taleyi, Qarabağı azad görmək, insanların həyat şəraitini yaxşılaşdırmaq ilk gündən Cənab İlham Əliyevin başlıca vəzifəsi olmuş və bunu əməli fəaliyyəti ilə təsdiq etmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, tarixən Qarabağ mövzusu dövlət rəhbərini, bütün Azərbaycan xalqını düşündürmüş və bu yolda şəhidlər vermişik, çox çətin, ağrılı yollar keçmişik.

“Şükürlər olsun ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin düşünülmüş siyasəti, uzaqgörənliyi, ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində biz erməni faşizmi üzərində tarixi qələbə əldə etdik. Bu Azərbaycanın haqq səsi idi, bu, Azərbaycanın ədalətli mövqeyi idi, bu, Azərbaycanın özünü dünyaya sübut etməsi idi və Azərbaycan Prezidenti göstərdi ki, daimi öz xalqı ilə birlikdədir və Azərbaycan xalqı istənilən anda, istənilən vaxtda öz sözünü deyə, düşmən üzərində qələbəni təmin edə bilər.

Əlbəttə ki, Qarabağdakı qələbə Azərbaycan xalqı ilə bərabər, bizə dost olan, bizim mövqelərimizi, bizim haqq səsimizi eşidən dövlətləri də ruhlandırmış, onlar Azərbaycana öz dəstəklərini daimi nümayiş etdirmişlər. Bu sırada sözsüz ki, qardaş Türkiyə Respublikasını, Türkiyə Respublikasının Prezidenti Cənab Tayyib Ərdoğanın xidmətlərini, türk xalqının həmrəyliyini yüksək qiymətləndirmək lazımdır. Müharibənin ilk günündən Türkiyə Azərbaycanla birlikdə olduğunu bəyan etmiş və öz mənəvi dəstəyini əsirgəməmişdir. Bu, bu gün də davam edir və bu gün də Türkiyənin rəhbərləri, siyasi dairələri Azərbaycanla bir yerdə olduqlarını bildirməklə bərabər, Azərbaycanın dünyada şöhrətlənməsi, ucalması, Azərbaycan həqiqətlərinin dünyada bərqərar olması üçün əməli köməkliklərini əsirgəmirlər. Məhz buna görə də Azərbaycan Prezidenti öz çıxışında ilk növbədə Türkiyənin Prezidentinə öz minnətdarlığını ifadə elədi, eləcə də Azərbaycana dəstək verən, 44 günlük müharibədə Azərbaycanın mövqeyindən çıxış edən, Azərbaycanı dəstəkləyən dünya ölkələrinə, türkdilli xalqlara öz təşəkkürünü bildirdi.

Erməni faşizmi uzun illər Azərbaycana ağır bəlalar gətirib. Onlar nəinki işğal etdikləri torpaqları, binaları, evləri talan etmiş, daşı daş üstündə qoymamış, eləcə də bizim dini-tarixi abidələrimizə çox ciddi zərbələr vurublar. Onlar, demək olar ki, həmin ərazidə olan bütün dini abidələrimizi məhv edibər, hətta bəzilərini yer üzündən siliblər. Bu, Cənab Prezidentin, eləcə də Türkiyə Prezidentinin çıxışında bir daha öz əksini tapır və əlbəttə ki, bu, yolverilməz bir haldır və ölkə rəhbərinin bu çıxışı Türdilli dövlətlərin rəhbərlərinə, xalqlarına bir mesaj olmaqla, onları bu mübarizədə daimi olaraq Azərbaycanı dəstəkləmək üçün bir çağırışı idi.

Sözsüz ki, bu gün Ermənistanın düşdüyü vəziyyət, çıxılmaz halda olması göstərir ki, Azərbaycan bir demokratik dövlət kimi sülhə, əmin-amanlığa sadiqliyini nümayiş etdirir və düşmən olsa da, Ermənistanın bugünkü vəziyyəti digər dövlətlər kimi, Azərbaycanı da düşündürür. Azərbaycan düşmənçilik mövqeyindən deyil, sülh mövqeyindən, əməkdaşlıq mövqeyindən çıxış edir və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan qonşu dövlətləri, eləcə də Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək fikrindədir.

Zəngəzur dəhlizinin açılması Türk dünyası üçün böyük bir tövhədir. Bu dəhlizin istifadəyə verilməsi, bu komunikasiya xətlərinin qaydaya salınması nəinki iki dövlət üçün, eləcə də region dövlətləri üçün, Türkdilli dövlətlər üçün çox böyük əhəmiyyətə malikdir. Cənab Prezident öz çıxışında bunları əyani faktlarla göstərmiş və bildimişdir ki, biz dünyaya çıxış edirik, biz Zəngəzur dəhlizini açmaqla, Türk dünyasını birləşdiririk və bu dəhliz bu gün Türk dünyasının birləşməsi rolunu oynayır. Əlbəttə ki, bu sevindirici haldır və Azərbaycan xalqı bundan qürur duyur. Çünki biz artıq qələbəni təmin etmişik. Ancaq bundan sonra Azərbaycan xalqının qonşu dövlətlərlə əlaqələrini möhkəmləndirməsi onun iqtisadiyyatının inkişafı üçün, insanların xoşbəxt, təhlükəsiz yaşaması üçün çox vacibdir.

Cənab Prezidentin çıxışı milli maraqlara, Azərbaycan xalqının gələcəyinə, Azərbaycan torpaqlarının azadlığına, təhlükəsizliyin təmin edilməsinə, eləcə də Türkdilli dövlətlərin birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə hesablanıb. Bu bizdə qürur döğurur və biz ölkə rəhbərimizə gələcək fəaliyyətində böyük uğurlar arzulayırıq”, deyə Tahir Rzayev bildirib.