Home Manşet Hərbi Qənimətlər Parkı qələbəmizin əbədiləşdiriməsinə xidmət edən layihədir

Hərbi Qənimətlər Parkı qələbəmizin əbədiləşdiriməsinə xidmət edən layihədir

616
0
SHARE

Aprel ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət edən ilk layihə kimi hər kəsdə qürur hissi yaratdı.

Ölkəmizin Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki. Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını hərbi yolla torpaqlarını azad etməyə sövq etdi və möhtəşəm qələbə qazanıldı. Azərbaycanın “dəmir yumruğu” işğalçı Ermənistana elə bir dərs verdi ki, bu işğalçı ölkə tarixboyu onun zərbəsinin ağırlığını unuda bilməyəcək.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri Vətən müharibəsindəki qələbənin əbədiləşdirilməsidir. Qarabağ savaşındakı tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edən ilk böyük layihə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Hərbi Qənimətlər Parkının salınması oldu. Parkda təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir”.

Minalanmış sahələr, toxunarkən səs salan tikanlı məftillər, zirehli texnikanın hərəkətinin qarşısını alan dəmir konstruksiyalar və materiallar, dərin xəndəklər, betonlaşdırılmış istehkamlar, bombalardan qorunmaq üçün bunkerlər və onların arasındakı tunellər işğalçıların Azərbaycan Ordusu ilə təmas xəttində yaratdıqları müdafiə mövqeyinin ayrı-ayrı elementləridir. Bu cür gücləndirilmiş müdafiə xəttinin yaradılması ilk növbədə onu göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını heç vaxt sülh yolu ilə azad etmək fikrində olmayıb.  Bu mənada sentyabrın 27-də əks-hücuma başlayan Azərbaycan Ordusunun bölmələri çətin bir şəraitdə döyüşə atılmalı olmuşdular. Buna baxmayaraq ordumuz əks-hücum əməliyyatlarına başladığı cəbhənin bütün istiqamətlərində elə döyüşlərin ilk günü Ermənistanın əsas müdafiə mövqelərini darmadağın edərək düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçının alınmaz hesab etdiyi istehkamları ilk həmlədə ələ keçirdilər. Bütövlükdə, döyüşlərdə düşmənin ard-arda yaratdığı bütün mövqelər yüksək hərbi peşəkarlıqla darmadağın olundu və həm də işğalçı əsgərlərin böyük qismi məhv edildi. Bununla yanaşı, Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Dağlıq Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Artıq vəziyyət o həddə çatdı ki, düşmənin adi yük avtomobilləri belə qalmadı. Beləliklə, İkinci Vətən müharibəsinin iştirakçısı olmuyan, cəbhədə iştirak etməyənlərdə Hərbi Qənimətlər Parkı bu barədə dolğun təəssürat formalaşdırır. Bu park Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.

Beləliklə, 44 günlük Vətən müharibəsinin hər anını özündə əks etdirən  Hərbi Qənimətlər Parkı gələcəkdə istər ölkə vətəndaşlarının, istərsə də ölkəmizə qonaq gələn xarici turistlərin Ermənistanın işğal siyasəti ilə bağlı bilgilərini artıracaq, ölkəmizin qələbəsi barədə daha ətraflı məlumatlar əldə etmələrinə kömək olacaq.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı