44 günlük Vətən Müharibəsində şəhid olmuş Qumaşov Anar Saleh oğlunun yaşadığı binada barelyefinin açılışı olub.
Açılış mərasimində şəhidin anası Leyla Qumaşova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətindən şöbə müdiri Rüstəm Bayramov, şəhidin oxuduğu 238 saylı orta məktəbin direktoru Xuraman Osmanova, döyüş yoldaşları, müəllimələri və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar. Qeyd edilib ki, o, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
Sonra barelyefin açılışı olub, önünə gül dəstələri düzülüb.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.