Home Manşet Tahir Rzayev: Prezident öz vədinə sadiqdir və xalqın rifahı üçün çalışır

Tahir Rzayev: Prezident öz vədinə sadiqdir və xalqın rifahı üçün çalışır

267
0
SHARE

“Yol mədəniyyətin bir nümunəsidir, yol inkişafdır, yol insanların rahatlığıdır, yol iqtisadiyyatın inkişafı üçün çox vacibdir.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, ölkə rəhbəri cənab Prezident İlham Əliyev ilk gündən nəinki şəhərətrafı yolların, şəhərdaxili yolların, hətta kənd yollarının belə abadlaşdırılması üçün dövlət büdcəsindən lazımi qədər vəsait ayırır.

“Bu gün Azərbaycan demək olar ki, başdan-başa abadlaşıb, regionlar sürətlə inkişaf etdirilməkdədir və edir. Regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi və dördüncü dövlət proqramının icrası uğurla gedir. Əlbəttə ki, bu proqramlar bilavasitə insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib. Bu proqramların əsasında yolların abadlaşdırılması, yeni körpülərin salınması vacib bir məsələ kimi qarşıya qoyulub və bu istiqamətdə də işlər sistemli şəkildə davam etdirilir.

Elə bir ay olmur ki, ölkə rəhbəri yolların bərpası, yolların yenidən qurulması haqqında sərəncam imzalamasın. Əlbəttə ki, bu külli miqdarda dövlət vəsaiti tələb edir, ancaq dövlətimizin başçısının dediyi kimi, bütün vasitələr, bütün imkanlar Azərbaycan xalqının xoşbəxt həyatına, yaşayışına sərf olunmalıdır. Bu istiqamətdə görülən işlər də göstərir ki, Azərbaycan Prezidenti öz vədinə sadiqdir və Azərbaycan xalqının rifahı, rahatlığı, yaxşı yaşaması, təhlükəsizliyi onun üçün birinci dərəcəli vəzifədir.

Bir neçə gün bundan əvvəl Salyan rayonunda müəyyən yolların çəkilməsi ilə əlaqədar Prezident Fərmanını biz gördük. İndi isə Nəsimi rayonunun yollarının abadlaşdırılması ilə əlaqədar dövlət büdcəsindən iki milyon vəsait ayrılıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bir vəzifə kimi tapşırılır ki, bu yolların keyfiyyətlə qurulması təmin edilsin. Əlbəttə ki, bu bizim hər birimizi bir vətəndaş kimi sevindirir. Çünki Azərbaycan günü-gündən gözəlləşir. Bu gün Bakı dünyanın ən müasir, ən inkişaf edən şəhərlərindən biri kimi tanınır. Belə olan halda, əlbəttə ki, Bakıətrafı rayonların, Bakı şəhərinin ərazisində olan rayonların yollarının yenidən qurulması, abadlaşdırılması həm Azərbaycan vətəndaşları üçün, həm də xarici qonaqlar üçün çox önəmlidir.
Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir və Azərbaycana hər gün çoxsaylı qonaqlar, turistlər gəlir. Sözsüz ki, onlar ilk növbədə Bakı şəhəri ilə tanış olurlar, Bakının rayonlarını, o rayonlarda olan tarixi abidələri, görməli yerləri ziyarət edirlər, onlarla tanış olurlar. Əlbəttə ki, deyildiyi kimi, əgər yol abaddırsa, ilk təəssürat yoldan başlayır və xarici qonaqlar da, yerli sakinlər də yollarımızı abad, rahat görəndə dövlətə, dövlət rəhbərinə olan məhəbbətləri birə beş artır. Ona görə də elə bilirəm ki, bu təkcə Nəsimi rayonu üçün deyil, ölkə rəhbərinin bundan sonra da bu istiqamətdə sərəncamları olacaq və sözsüz ki, bu sərəncamların yerinə yetirilməsində müvafiq orqanlar yaxından iştirak etməlidirlər. Yolların keyfiyyətlə çəkilməsi, yenidən qurulması, abadlaşdırılması üçün hər bir vətəndaş da öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, – deyə Tahir Rzayev bildirib.