Home Gündəm Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

369
0
SHARE

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılmasına hər zaman yüksək diqqət və qayğı olub.  Bu kateqoriyadan olan insanlar dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünün daha qabarıq formada İkinci Qarabağ savaşında daha açıq büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədilər. Bu, Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.

Azərbaycan dövləti tərəfindən müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülməklə yanaşı onların məşğulluq məsələləri də həll olunur. Görülmüş işlərin statistikasına nəzər saldıqda, əminliklə qeyd etmək olar ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlarla Azərbaycan dünyada nümunəvi ölkə statusundadır. Qısaca, Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunur və vətəndaşlarımız arxalarında güclü Azərbaycan dövlətinin dayandığını dərk edirlər. Xüsusilə, həssas kateqoriyadan olan insanlar dövlət başçısının apardığı bu humanist siyasətin uğurlu nəticələrini gündəlik həyatlarında hiss edirlər.

Ümumiyyətlə, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib və 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Məhz, açılışı olmuş Abşeron rayonundakı şəhərcikdə birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Abşeron rayonunda keçirilmiş tədbirdə isə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır ki, bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin olunub. Paralel olaraq müharibə dövründə əmlakına zərər dəymiş mülki əhaliyə də dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilir.

Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet məsələ şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı