Home Gündəm Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir

Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir

392
0
SHARE

44 günlük Vətən müharibəsinin 42-ci günündə – noyabrın 8-də illərdir həsrətində olduğumuz Şuşa şəhəri işğaldan azad edildi və orada Azərbaycan bayrağı qaldırıldı.  Şuşanı hər zaman Azərbaycan xalqı özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi.

Azərbaycan xalqının milli sərvəti olan Şuşanı düşmən nə qədər çalışsa da özününküləşdirə bilmədi, şəhərin tarixini, mədəniyyətini 30 ildə məhv etməyə çalışan ermənilər istəklərini həyata keçirə bilmədilər. Artıq ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və şəhərə, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.

Şuşa zəfərimizin rəmzidir, yenilməzlik nişanəsi, milli ruhumuzun sığınacağıdır. Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşa Pənahəli xanın mirasıdır, Qarabağın baş tacıdır, Qafqazın sənət məbədidir, xalqın qürur yeridir, tariximizin rəngarəngliyinin sübutudur, dünya səviyyəli ziyalılarımızın həyata atdığı ilk addımların məskənidir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya sayca beşinci səfəri zamanı Şuşanın baş planının təqdim edilməsi, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin  təməlinin qoyulması Şuşanın yenidən bərpası, tarixi simasının qaytarılması, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir.

2021-ci il avqustun 29-da Şuşada Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Molla Pənah Vaqifin bərpa edilmiş möhtəşəm məqbərəsinin açılışı oldu. Məqbərənin bərpadan sonra açılış mərasimi həm də Vaqif Poeziya Günlərinin bərpa olunması ilə müşayiət olundu. 8 ay öncə hərbi gücü ilə Şuşaya geri dönən Azərbaycan əsgəri indi Azərbaycan xalqının mənəviyyatı ilə, mədəniyyəti ilə Şuşaya geri dönüşünü gerçəkləşdirdi. Vaqif Poeziya Günlərinin keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirirdi. Dövlət başçısının ətrafında 39 il əvvəl Heydər Əliyevin yanında olduğu kimi Azərbaycanın ədəbiyyat, mədəniyyət və sənət adamları toplanmışdı. Prezident İham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha diqqəti  30 illik işğal dövrünün reallıqlarına yönəldərək bu fikri böyük inamla vurğulamışdır ki, Azərbaycan ədaləti bərpa etdi, 28 illik işğal dövrü ərzində bu vəziyyətlə barışmayacağı, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyimiz barədə verdiyi qərarlarda qətiyyətli olduğunu xatırlatdı. İndi növbə bu tarixi şəhərin əzəmətini bərpa etmək, onu dirçəltməkdi.

Şuşanın azad olunması ilə qəhrəmanlıq dastanı yazan ordumuz azərbaycanlıların əbədi yaşayacağı qədim torpaqları özümüzə qaytardı. Bu gün Şuşa azaddır. Bu gün Şuşa dirçəlir. Qısa zamanda Şuşa həm regionun, həm də bütün dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Artıq Şuşanın əsl sahibləri geri dönüb və Şuşanın əvvəlki şöhrətinin geri qaytarılmasında yeni dövr başlayır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı