Home Gündəm “Ermənistan tərəfi Prezidentin sözlərindən nəticə çıxarmalıdır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Ermənistan tərəfi Prezidentin sözlərindən nəticə çıxarmalıdır” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

205
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son günlərdə etdiyi çıxışlarında, istər BMT Baş Assambleyasının 76-cı sessiyasında, istər Fransanın “France-24” kanalına verdiyi müsahibəsində, istər Anadolu Agentliyinə verdiyi müsahibəsində dəfələrlə xatırlatdı ki, biz sülhün tərəfdarıyıq, biz müharibə istəmirik. Bu, bir həqiqətdir və ölkə rəhbəri bu həqiqəti hələ qələbə qazanmamışdan əvvəl müqaqişənin həlli ilə bağlı aparılan bütün söhbətlər zamanı xatırladıb və sülh yolunun ən yaxşı, ən mükəmməl yol olduğunu bildirib.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, təəssüflər olsun, erməni təcavüzkarları Azərbaycan Respublikasının Prezidentinin söylədiyi fikirlərə, təkliflərə lazımi qiymət verməyib, müharibə qaçılmaz olubdur.

“Bu gün Azərbaycan xalqı qalib bir xalq kimi böyük zəfər günlərinin şirinliyini yaşayır. Ancaq yenə də Azərbaycan Prezidenti qalib olmağımıza, böyük imkanlara malik olduğumuza baxmayaraq yenə də öz müsahibələrində sülhün vacibliyini dönə-dönə xatırladır və təcavüzkar Ermənistana bu yolda əməkdaşlığa gəlməyi təklif edir. Ölkə rəhbəri bildirir: “Biz strateji nöqteyi nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki, mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibəyə başlamayacayıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”.

Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin söylədiyi bu fikirlər onun bir daha sülhpərvər, humanist olduğunu ortaya qoyur. Çünki cənab Prezident müharibənin ağrılarını, acılarını yaxşı bilir və bunun xalqlara hansı bəlaları gətirdiyinin şahididir. Azərbaycan 30 il bu ağrı-acılarla yaşayıb. Bir milyondan artıq qaçqın ağır vəziyyətdə öz torpaqlarını tərk edərək min bir müsibətlərə düçar olublar. Əlbəttə ki, ikinci Qarabağ müharibəsinin gətirdiyi ağrılar da qaçılmaz oldu. Biz şəhidlər verdik, xeyli yaralılarımız var, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyib. Ancaq bundan Azərbaycan xalqı təəssüflənmir. Çünki şəhidlərimiz öz canlarını vətən uğrunda, torpaq uğrunda qurban versələr də bu gün onların valideynləri zəfər bayramını çox sevinclə qeyd edirlər, anım günlərində oğullarının vətən uğrunda qurban getmələri ilə qürur duyur və bunu çox böyük sevinclə səsləndirirlər.

Biz bir xalq olaraq müharibənin tərəfdarı deyilik. Azərbaycan Prezidentinin söylədiyi fikirlər hər birimiz üçün bir qürur olmaqla bərabər, həm də bizdə müharibəyə, gələcək revanş hallarına qarşı barışmaz olduğumuzu göstərir. Əlbəttə ki, cənab Prezident xatırladır ki, bu gün Ermənistan ağır vəziyyətdədir və ağır vəziyyətdən çıxmaq üçün qonşu dövlətlərlə, eləcə də Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, sülhə nail olmalıdır. Əks təqdirdə, əgər erməni şovinistləri revanş götürmək, yenidən müharibə etmək fikirlərinə düşəcəklərsə, dəmir yumruq yenidən öz işini görə bilər və biz Ermənistanı tamamilə məhv etmək qüdrətinə malikik. Ancaq sülh, əmin-amanlıq bütün xalqlar üçün səadətdir. Elə bilirəm ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin söylədiyi sözlərdən lazımi nəticə çıxarmalıdır”, deyə Tahir Rzayev bildirib.