Home Gündəm “Prezident İlham Əliyev Tərtər və Bərdədə Ermənistana yeni mesajlar verdi”

“Prezident İlham Əliyev Tərtər və Bərdədə Ermənistana yeni mesajlar verdi”

182
0
SHARE

“Prezident İlham Əliyevin Bərdə və Tərtər rayonlarına səfəri gözlənilən idi. Çünki elə ay olmur ki, ölkə başçısı regionlarda işlərin gedişatı ilə tanış olmasın”.

Bunu tan.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

O bildirib ki, Tərtər və Bərdə Vətən müharibəsinin getdiyi 44 gün ərzində ən çox atəşə məruz qalan rayonlar sırasındadır: “Xüsusilə Tərtər daimi olaraq erməni təcavüzkarları tərəfindən top və raket atəşinə tutulub. Çoxsaylı evlər dağıdılıb, insanlar qətlə yetirilib. Eləcə də Bərdə rayonuna raket atılması nəticəsində xeyli insan həyatını itirdi, şəhərə böyük ziyan dəydi. Bu yerlərdə olmaq hər bir azərbaycanlını qürurlandırır. Tərtərin Talış kəndi strateji əhəmiyyətə malik ərazilərdəndir. Uzun müddət düşmən işğalında olan əraziləri azad etmək düşmənə ağır zərbələrin endirilməsi demək idi. İgid zabit və əsgərlərimiz həmin əraziləri nəzarət altına götürdü və yüksəkliklər düşməndən azad olundu. Bununla da bizim uğurlu irəliləyişlərimiz baş verdi”.

T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev ilk günlərdən Bərdə, Tərtər, Suqovuşan qəsəbəsinin və Talış kəndinin bərpası üçün lazımi tapşırıqlarını verib və həmin ərazilərdə çox mühim tədbirlər həyata keçirilir: “İnfrastruktur layihələr davam edir, yollar çəkilir, ərazilər minalardan təmizlənir. Bu ərazilərdə həyatın canlandırlıması üçün tədbirlər görülməkdədir. Bərdə Azərbaycanın böyük təsərrüfat və mədəni cəhətdən inkişaf edən rayonlarındandır. Orada peşə məktəblərinin açılması və gələcək bir çox vəzifələrin müəyyənləşdirilməsi göstərir ki, ölkə rəhbəri Bərdənin inkişafında olduqca maraqlıdır”

Deputat deyib ki, Prezident İlham Əliyev həm Bərdədə, həm də Tərtərdə dağıdılmış ərazilərə baş çəkib, insanlarla görüşüb və özünün xüsusi bəyanatlarını səsləndirib: “Bu bəyanatlar ilk növbədə 44 günlük Vətən müharibəsi və əsgərlərimizin qazandığı qələbə ilə bağlı idi. Ölkə rəhbəri bu nailiyyətləri səsləndirməklə düşmənə yeni bir mesaj verdi. Bildirdi ki, biz ərazilərimizi təcavüzkarlardan azad etmişik, ancaq bir dövlət rəhbəri olaraq mən sülhün və əmin-amanlığın tərəfdarıyam. Cənab Prezident İspaniya və digər xarici telekanallara müsahibəsində öz məqsədini dilə gətirib. Deyib ki, biz Ermənistanla qarşılıqlı sülh və dostluq şəraitində yaşamağın tərəfdarıyıq. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu barədə düşünməlidir. Bununla bağlı müəyyən tədbirlər görülməkdədir, baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyaların bərpası istiqamətində müzakirələr aparılır. İlk növbədə sərhədlər dəqiqləşdirilməli, erməni silahlı birləşmələrinin qalıqları Qarabağdan çəkilməli, Zəngəzur dəhlizinin açılması üçün imkan yaradılmalı və sülh müqaviləsi imzalanmalıdır. Bunlar nəinki Azərbaycan, eləcə də Ermənistan üçün vacibdir. Çünki Ermənistan ağır iqtisadi-siyasi böhran şəraitindədir”.

“Ölkə başçımız bildirib ki, Ermənistanda ictimai-siyasi sabitlik yaradılarsa, gələcəkdə iki xalq birgə yaşaya bilər. Ona görə də xatırladır ki, erməni xalqı bu müharibəyə şərait yaradan rəhbərləri haqda lazımi ölçü götürməlidir və onlar cəzalandırılmalıdır. Çünki Qarabağda ermənilərin təcavüzkar hərəkəti üçün Ermənistanın keçmiş rəhbərliyi cavabdehdir. Prezident dəfələrlə erməni xalqına səslənərək bildirib ki, öz övladlarını Qarabağda müharibəyə göndərməsinlər. Dövlət başçısının müsahibələrində irəli sürdüyü bu fikirlər onun sülh tərəfdarı olmasının ən bariz nümunəsidir. Cənab Prezident mütəmadi olaraq çıxışları ilə insanları haqqa, ədalətə çağırır”.