Home Gündəm Milli Məclisin sədri Matviyenko ilə görüşüb

Milli Məclisin sədri Matviyenko ilə görüşüb

310
0
SHARE

Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Parlamentdən tan.az-a verilən məlumata görə, Milli Məclisin sədrini salamlayan Valentina Matviyenko Üçüncü Avrasiya Qadın Forumu və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
O bildirib ki, bu cür tədbirlər dünyada gedən proseslərdə qadınların yaxından iştirakı məsələlərinə dair geniş müzakirələr aparmağa şərait yaradır. Belə tədbirlərdə müxtəlif ölkələri təmsil edən qadın deputatların bir araya gəlməsi parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd edib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin mütəmadi rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib. Bildirib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü hesabına təmin edib. Ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla keçmiş Qarabağ münaqişəsinin tarixə qovuşduğunu bildirən Milli Məclisin sədri deyib ki, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Artıq münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Milli Məclisin sədri Ermənistanın işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, bu ölkənin hazırda da regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib.

Milli Məclisin sədri qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir.