Home Gündəm Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “A Haber”...

Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)

189
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

Trend müsahibəni təqdim edir.

– “A Haber” ekranlarından hər kəsə salamlar. Bütün dünyanın gözü Qarabağ bölgəsindədir. Otuz ildir erməni işğalı altındakı Qarabağda hazırda böyük bir faciə yaşanır. Çünki ermənilər humanitar atəşkəsə baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki, Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və erməni ordusuna ağır zərbələr vurulur.

Bəs, bölgədə son durum necədir, bundan sonra nələr yaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fikirlərini öyrənəcəyik.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun, xüsusilə “A Haber” adından çox təşəkkür edirik.

– Sağ olun, təşəkkür edirəm.

– Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəki vəziyyətlə başlayacağıq. Dünən Ermənistan yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı qardaşımız şəhid oldu. Siz bu hücumu necə dəyərləndirirsiniz?

– Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.

Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik.

– Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqca diqqətli, çox dəqiq davranır. Bu ana qədər bir erməni mülki şəxsin belə burnu qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı qardaşımız şəhid oldu. Qərbə baxdığımız zaman, Qərb bu qətliamlara münasibətdə niyə səssizdir?

– Təəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların qisasını döyüş meydanında alacağıq. Biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Bu gün səhər saat 6-dan 8-ə qədər, – indi saat 9:10-dur, – Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni, bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir.

O ki qaldı, toxunduğunuz ikinci məsələyə – niyə Qərb səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır. Bu gün də bunu az miqdarda, az həcmdə görürük. Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.

– Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistan pozmuşdu, qətliamlar törətmişdi. İndi baxdığımız zaman atəşkəsi pozan yenə Ermənistandır. Bu atəşkəslə Azərbaycan Ordusunun irəliləyişinin dayandırılmasımı istənilir?

– Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyən Ermənistan oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Bizə də belə müraciət gəldi, – bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, – biz də dedik ki, humanitar məqsədlər üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünki bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işğal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işğalçılıq siyasətini davam etdirməkdir.

– Bu arada, “Hadrut hələ də bizdədir”, – deyə hazırda yalan təbliğat aparılır, qəbul edə bilmirlər.

– Bəli, bu günə qədər bu yalan təbliğatı aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayrağı dalğalanır. Hadrutun ətrafındakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülə bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də götürülə bilməzdi. Biz ancaq Hadrut istiqamətindən oraya irəlilədik.

– Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarixdən etibarən xüsusilə İrəvanın hava limanına Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir. Bununla da, əslində, cinayət törədilir. Bu barədə, xüsusilə İran Prezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlı danışdınız, Rusiya ilə də danışdınız, raketlərin göndərilməsi barədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?

– İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir.

Ermənistan bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olan məlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.

Rusiya rəsmi orqanları tərəfindən də bizə açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

– İndi isə, cənab Prezident, cəbhəyə “gedəcəyik”. Təbii ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəl müjdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən bəhs edirik. Bu ərazi otuz ildir ki, işğal altındadır. Bu bölgələrin bu günə qədər neçə min kvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusu irəliləyir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməni ordusu öz gücünün yarısını itirib. Rəqəm olaraq erməni ordusu nə qədər itkiyə uğradıldı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi, cənab Prezident?

– Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə, bu, tarixi günlərdir.

– Yəni, orta hesabla təxminən neçə min kvadratmetr olur?

– Bunu demək istəməzdim. Çünki bu, hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldırmaqdır.

– Bəs, erməni itkiləri ilə bağlı rəqəmin nə qədər olduğunu deyə bilərsiniz?

– Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız 200-dən çox tank məhv edildi, 33 tank qənimət kimi götürüldü, onlar bizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 OSA sistemi məhv edildi. Hava hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv edildi.

– Çox qiymətli, bahalıdır.

– Bəli, çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da hava hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhv edildi, ya da bizdədir. Həmçinin 16 komanda mərkəzi məhv edildi. Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəydi və bu, davam edir. Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də indi qalan silahlarınızı xilas edin. Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik.

– Ermənistanın insan itkisi nə qədərdir, cənab Prezident?

– İnsan itkisi barədə onların verdiyi rəqəmi, – mən mətbuatda gedən rəqəmi deyirəm, – təqribən 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki bundan bir neçə dəfə çoxdur.

– Yəni, Ermənistan az göstərməyə çalışır?

– Təbii.

– Amma cəbhədə vəziyyət fərqlidir.

– İndi əgər 200 tank məhv edilibsə, bu tankın içində olan əsgərlərin sayına baxın, artıq neçəyə çatır. Ondan sonra döyüş meydanlarında, komanda mərkəzlərində, digər qurğularda. O görüntülər var, onların texnikası necə məhv edilir, ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, 600-dən daha çoxdur.

– Yəni, Ermənistanın silahlarının yarısına yaxını yox edildi deyə bilərikmi, cənab Prezident?

– Biz bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya çıxır ki, onlar bu silahları hansı pulla alıblar? Ermənistanın büdcəsi də, valyuta ehtiyatları bəllidir. Təkcə 17-18 gün ərzində onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ də silahları var. Məhv edilmiş bu silahlar yalnız işğal edilmiş torpaqlardadır. İndi Ermənistan ərazisində nə qədər silahlar var? Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradan bu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli, bunu havayı aldılar.

– Cənab Prezident, 18 oktyabr önəmli bir gündür. Azərbaycanın müstəqillik günüdür. Azərbaycan xalqı bu tarixdə Sizdən bir müjdə gözləyir, İnşallah. Qarabağla bağlı bir müjdəniz olacaqmı? Buradan “A Haber” ekranlarından bütün Türkiyəyə və azərbaycanlı qardaşlarımıza o müjdəni bölüşmək istərdinizmi?

– Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. Çünki Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Müstəqilliyin ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda, Azərbaycanın daxilində gedən çarpışmalar böyük böhrana səbəb oldu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan inamla inkişaf yoluna qədəm qoydu.

Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir. Ancaq bu müddətdə – bu 17-18 gün ərzində mən heç zaman bizim ordu qarşısında bu tarixd