Hadisələrə ən böyük dəyəri zaman verir
30 ildən sonra nail olduğumuz, dünyaya səs salan tarixi Zəfərimizdən bizləri bir illik zaman məsafəsi ayırır. Bu bir il 30 illik işğal dövrünün reallıqlarını yenidən nəzərdən keçirməyə böyük imkanlar yaratdı. Bu baxımdan ki, 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibətləri münaqişənin həlli prosesinin hansı səbəblərdən 30 il uzanmasına işıq saldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə, Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra xalqa müraciətində vurğulandığı kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək: “Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi. Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!”
Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, satqınlıq və xəyanət nəticəsində çox böyük faciələr yaşadıq. Ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın meydan sulaması ilə yanaşı, torpaqlarımız işğal edilir, xalqın sabaha olan ümidləri itirdi. Azərbaycan müstəqilliyini yenidən əldən vermək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın yaşadığı faciələrdən xilası mümkün oldu. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində möhkəm təməl formalaşdırdı, Azərbaycanı yenidən qurdu və qarşıdakı illərdə ölkəmizi necə görmək istədiyinin prioritetlərini açıqladı. Dahi rəhbərin əsas hədəfi Azərbaycanın Günəş kimi dünyaya doğması oldu. Ölkəmiz qısa zamanda bu hədəfə çatdı. Bütün sahələrdə uğurlu addımlar atıldı və bunun məntiqi nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz oldu.
Qələbəni reallığa çevirən və ölkənin hərbi qüdrətini artıran ordu quruculuğu
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq öz xalqına Qələbəni bəxş edən rəşadətli orduya çevrilib. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi siyasəti, apardığı islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev qətiyyətli Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. Nəticədə qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində tətbiq etdiyi dünya hərb tarixində misli görünməmiş unikal döyüş taktikası ilə, hətta ən mükəmməl silahlı qüvvələrə malik olan supergücləri belə heyrətləndirdi. Xalqımızın ordumuza inam və etibarı özünü tamamilə doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə Xalq-İqtidar-Ordu birliyinin qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya göstərdi. Dünya ictimaiyyəti çağdaş dünya üçün, əgər belə demək mümkündürsə, qeyri-ənənəvi addım olan müharibə dövründə xalqın gücünün hərb və müdafiə işinə səfərbər edilməsinin parlaq nümunəsinin şahidinə çevrildi. İldırım sürətli müharibə planını cəmi 44 gün ərzində məharətlə reallaşdıran, 30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən təmizləyən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Eyni zamanda, Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda olduğunu real müharibə meydanında isbat etdi. Heç də təsadüfi deyil ki, bu gün cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başlamasından İkinci Qarabağ müharibəsi alovlanana qədər keçən 17 ildə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində davamlı fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bütün bunların nəticəsidir ki, bu gün biz qalib Azərbaycan Respublikasının vətəndaşları olaraq bütün dünyaya fəxrlə və qürurla bəyan edirik ki, yenilməz ordumuz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək iqtidarındadır.
Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi
Bəli, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə qətiyyətlə, əzmlə sinə gərən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “yenilməz Ermənistan ordusu” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflər darmadağın edildi.
Başqa sözlə, Azərbaycan Ordusu döyüş meydanında özünün şərtsiz üstünlüyünü təkcə yağı düşmənə deyil, bütün dünyaya sübut etdi. Bax, bu qəhrəmanlığın, bu yenilməzliyin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən mükəmməl döyüş qabiliyyətinə malik ordularından biri olduğunu təsdiq etdi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan beynəlxalq qurumların vaxtaşırı dərc etdikləri reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
Eyni zamanda, artıq beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Bizim üçün xüsusilə qürurverici faktdır ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, 44 günlük müharibə dövründə bu Silahlı Qüvvələrin qarşısında hətta dünyanın aparıcı ölkəsinin ordusu olsaydı belə onun da döyüşlərdən qalib çıxmaq üçün heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Hətta ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlar təcrübəsinin öyrənilməsi zərurətini qeyd edirlər.
“Dəmir yumruq” birliyimizin rəmzinə çevrildi
Vətən müharibəsində Azərbaycan əsgərinin nümayiş etdirdiyi sarsılmaz iradə və yenilməzlik bu gün gənclərimiz üçün nümunədir. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə Qələbə qazandırdı. Vətən müharibəsində yaralanıb qazi olan hər bir əsgərimizin yarası təkcə onun ailə üzvlərinin deyil, hər bir azərbaycanlının yarasıdır. Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri müntəzəm həll olunur. Bu, onların halal haqlarıdır. Çünki Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adını Azərbaycan tarixinə yazdırıb.
Vətən savaşı həm də bu reallığı ortaya qoydu ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünə bilməz. Buna cəhd edən qüvvələr isə xalqımız tərəfindən birmənalı olaraq düşmənin dəyirmanına su tökənlər kimi səciyyələndirilir. Vətən müharibəsi həm də bu reallığı bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvəyə çevrilməyi tələb edir. Bu gün qürur duyuruq ki, xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. İkinci Qarabağ müharibəsi dövründə daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr Azərbaycanda öz çirkin planlarını həyata keçirsinlər. Müharibənin nəticələrinin bizə verdiyi əlavə üstünlüklərdən biri də ondan ibarətdir ki, artıq Ermənistanın işğalçılıq siyasətinə etiraz və xalqın haqq və ədalət tələbi ölkə siyasətçilərini birləşdirən əsas faktorlar sırasına daxil olub. Siyasi partiyaların rəhbərləri özlərinin birgə bəyanatlarında Ermənistanın işğalçılıq siyasətini qınayırlar. Bu bəyanatlarda Vətən müharibəsinin getdiyi dövrdə mülki əhalinin yaşadığı şəhər və kəndlərin raket atəşinə tutulması faktlarının beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı cinayət əməli kimi qiymətləndirilməsi tələb olunurdu. Amma görünən odur ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları hələ də xalqımızın bu haqq səsini eşitmək və görmək istəmirlər. Təbii ki, bu kimi addımlar dövlətlər arasında etimadsızlıq mühitinin yaranmasına gətirib çıxarır ki, bu da öz növbəsində istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar daxilində ədalət meyarının necə qorunduğunu açıqlayır.
44 günlük Vətən müharibəsi həqiqət anı oldu
Bütün təzyiqlərə baxmayaraq Azərbaycan müharibəni bir gün belə dayandırmadı. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsini təqdim etdi. Sübut olundu ki, iki dost ölkə qədər biri-birinə yaxın ikinci ölkələr tapmaq çətindir. Müharibə dövründə işğal altında olan torpaqlarımızı necə azad etmişdiksə, bu gün də ölkəmizə dost, qardaş münasibəti bəsləyən dövlətlərin dəstəyi, iştirakı ilə bərpa və quruculuq işləri həyata keçirilir. İşğaldan azad edilmiş torpaqlarımıza ilk dövlət başçısı olaraq səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanına xarici uçuşu həyata keçirən birinci ölkə Prezidenti oldu. Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan Prezidentləri tərəfindən imzalanan və iki qardaş ölkənin müttəfiqliklərini təsdiqləyən sənədə Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi olan azad Şuşa şəhəri şahidlik etmişdir.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi
Azərbaycan oğulları Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Bununla da ermənilərin öz orduları haqqında uzun illər uydurduqları mif sabun köpüyü kimi partladı. Cəmi 44 gün ərzində bu “yenilməz ordu” məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini təkcə erməni işğalçılarına deyil, eyni zamanda, onların havadarlarına əyani surətdə göstərdi. Dövlət başçısı xalqa bütün müraciətlərində erməni vandalizmindən geniş bəhs edir, bildirirdi ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə necə susmağı, seyrçi mövqedə dayanmağı özləri üçün, daha dəqiq desək, maraqlarının icrası üçün çıxış yolu hesab edirdilərsə, Vətən müharibəsi dövründə də eyni ab-havanı nümayiş etdirirlər. Cənab İlham Əliyev eyni zamanda, xəbərdarlıq edirdi ki, bu cür addım atanlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Xüsusilə müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-lərə müsahibələrində tutarlı faktlarla bəyan edirdi ki, ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Göyçayda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə- yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Dövlət başçısı bildirirdi ki, bu, tarixdir. Ermənilər saxta tarix yazmaq xülyası ilə bu reallıqları ört-basdır etmək fikrində idilər. Ermənilərin əsassız torpaq iddiası 1988-ci ildə yenidən baş qaldıraraq 30 il davam edən və bu gün artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın həyasızlaşaraq açıq-aşkar torpaqlarımızı vermək istəmədiyi danışıqlar prosesindən yayınmalarında özünü qabarıq şəkildə büruzə verirdi.
Soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlarına əmin idilər
Ermənistanın 20 faiz torpaqlarımızı işğal altında saxladığı illərdə ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli əsas yer tuturdu. Cənab İlham Əliyev arxada qalan dövrdə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, necə deyərlər, onlarla Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısı hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” vədini vermişdi. Elə də oldu. Qaçqın və məcburi köçkünlərin yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılsa da, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva atılan addımların müvəqqəti xarakter daşıdığını bildirirdilər. Bu əminlik ifadə edilirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Soydaşlarımıza verilən ümid və inam fonunda yeni bir nəsil yetişdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızı işğaldan azad edən gənclər 2003-cü ildən bu yana formalaşan gənclərdir. Artıq bir ildir ki, soydaşlarımız qürurla “Biz qaçqın deyilik” söyləyərək Böyük Qayıdışa hazırlaşırlar. Qeyd etdiyimiz kimi, dövlətimiz 30 illik işğal dövründə qaçqın və məcburi köçkünlərə nə qədər yüksək şərait yaratsa da, onların öz torpaqlarına qayıtmaq istəkləri üzlərindəki nisgildən, gözlərindəki qəm-qüssədən hiss olunurdu. Elə bu ümidlə də gəlib torpaqlarına qovuşdular.
Qələbənin başlanğıc və tamamlanma təqvimləri: 27 sentyabr – 10 noyabr
Artıq bir ildir ki Azərbaycanda təqvim də dəyişib. Bu baxımdan ki, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad etdikləri tarixləri qeyd edirik. Zəfər yürüşünün davam etdiyi 44 günün hər günü tariximizə Qələbələr səhifəsi kimi yazılıb. 30 ildən sonra ilk dəfə idi ki, bu il təqvimdə 27 sentyabr tarixi adi bir təqvim günü kimi qeyd olunmurdu. Çünki 27 sentyabr Vətən müharibəsinin başlandığı tarixdir. O tarix ki, ilk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra ilk dəfə Qələbə sevincini yaşadıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək: “Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik.” Noyabrın 9-da artıq Ermənistan tərəfi öz məğlubiyyətini qəbul edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Ölkə Prezidentinin Sərəncamı ilə artıq ilk dəfədir ki, 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edirik.
Dövlət başçısının Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu il həmin tarix bizi böyük Zəfərə aparan 44 günlük müharibənin ilk günü kimi dövlət səviyyəsində qeyd edildi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində rəsmi səviyyədə yürüş təşkil edildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin, itkin düşən hərbçilərimizin və terrorçu Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Təbii ki, bu yürüşü bütün dünya izlədi. Xalqımız bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Sentyabrın 27-də Bakıda keçirilən yürüş qalib Azərbaycanın yenilməz xalqının yürüşü idi. Məhz bu baxımdan qeyd edə bilərik ki, 27 sentyabrı təkcə Anım deyil, həmçinin Şərəf Günümüz kimi də dəyərləndiririk.
Artıq 8 Noyabr – Zəfər Günümüzə sayılı günlər qalır. 44 günlük Vətən müharibəsinin birinci ildönümü milli iradəmizin, milli ruhumuzun, milli ləyaqətimizin təntənəsi kimi təzahür etdi. Prezident İlham Əliyevin də xalqa müraciətində qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücümüzü səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Məhz buna görə də böyük qürur hissi ilə, uca səslə deyirik: Qələbən mübarək, Azərbaycan! Qələbən mübarək, Azərbaycan xalqı!
Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır!” tezisini rəşadətli ordumuzun gücü sayəsində dünyaya bəyan etdi.
Şuşa, sən azadsan!
Şuşa biz səni dirçəldəcəyik!
Əvvəldə də qeyd etdiyimiz kimi, ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdə Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir.
Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Ölkə vətəndaşlarının intizarla gözlədikləri Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamalarında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi bu gün müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına ötən il noyabrın 8-də Şəhidlər xiyabanından çatdırdı: “Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Şuşa bərpa və quruculuq dövrünü yaşayır. Görülən işləri sadalamaqla bitməz. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün yeganə rəqibimiz zamandır. Tezliklə soydaşlarımızın Böyük Qayıdışı təmin ediləcək, bu torpaqlarda həyat başlayacaq.
Zəfər Günü Azərbaycanın taleyinə yazılmış sevinc payıdır
Xalqımız ona bu parlaq Qələbəni yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinə minnətdardır. Bu Zəfər Günündə şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Prezident İlham Əliyev bildirir: “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.”
İkinci Qarabağ müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Məkrli düşmənlə üz-üzə döyüşlərdə işğalçıya tarixi dərs verən Milli Ordumuzun sarsıdıcı zərbələrindən qorxuya düşən, hələ də özünə gələ bilməyən Ermənistan təkcə hərb meydanında deyil, informasiya müharibəsində də Azərbaycana yenildi.
Azərbaycan yeni reallıqlar yaratdı
“Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir… Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq” söyləyən Prezident İlham Əliyevin bu fikirləri belə bir əminlik yaradır ki, uzun illər siyasi, diplomatik səyləri ilə qələbəyə nail olan Azərbaycan gələcəkdə də bölgədə formalaşacaq əməkdaşlıq formatının müəllifi olacaq. Qalib ölkə olaraq Azərbaycan diktə edən tərəfdir. Bu gün masa üzərində olan sülh müqaviləsinin imzalanması ilə regionda sülh, təhlükəsizlik dayanıqlı olacaq. Bu da öz növbəsində iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək. İqtisadi rayonların yeni bölgüsü də günümüzün reallıqları sırasındadır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş perspektivlər açılır.
Azərbaycanın tarixinə Qələbə səhifəsini yazan qalib ölkənin qalib Sərkərdəsi
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə qalib Prezident kimi yazdı, torpaqlarımızın xilaskarı imicini qazandı. Hər zaman xalqın dəstəyinə arxalanaraq azad edilmiş ərazilərə davamlı səfərlər edən Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməkdən qürurludur. Zəfərimizin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi prioritet oldu. Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara ardıcıl səfərləri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlardır. Biz tarixi torpaqlarımıza qayıtdıq və əbədi burada yaşayacağıq. Dövlət başçısının işğaldan azad edilmiş bölgələrə səfəri Prezident-Xalq birliyinin sarsılmazlığını nümayiş etdirir. Cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonların ictimaiyyətinin nümayəndələri ilə görüşlərində dövlət başçısına ünvanlanan təşəkkürlərə aşağıdakı cavabı Müzəffər Ali Baş Komandanın sadəliyinin, təvazökarlığının, xalqa olan sonsuz sevgi və məhəbbətinin əyani təzahürüdür: “Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur.”
Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Ölkəmizin həyatında, regionda və dünyada yeni reallıqlar formalaşıb, yeni dövr başlayıb. Xalqımız əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün də hədəflərinə nail olacağıq. Tezliklə doğma Qarabağımız cənnətə çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Sən yenilməz, məğrur millət olduğunu bir daha bütün dünyaya sübut etdin, Azərbaycan xalqı!
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri,
siyasi elmlər doktoru