Home Cəmiyyət Tbilisidə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Tbilisidə Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

356
0
SHARE

Azərbaycanın Gürcüstandakı səfirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin foyesində Zəfər Günü və 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotosərgi açılıb.
Tədbirdə Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstan parlamentinin deputatları Arzu Nağıyev, Zaur Darğallı, Savalan Mirzəyev, diplomatik korpusun nümayəndələri, gürcü din xadimləri, iş adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Faiq Quliyev çıxışında Azərbaycanın müstəqillik dövründə üzləşdiyi problemlər, qazandığı uğurlar, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişaf perspektivləri barədə danışıb.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının işğalını və bütövlükdə regionda sabitliyin və sülhün pozulduğunu vurğulayan səfir deyib: “Azərbaycan 44 günlük müharibə nəticəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış 4 qətnaməsini yerinə yetirib”.
Səfir müharibə zamanı Azərbaycana göstərdiyi həmrəylik və mənəvi dəstəyə görə Gürcüstan hökumətinə və xalqına, Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib.
O qeyd edib ki, postmünaqişə dövrünə aid sülh təşəbbüsləri regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün vacib amildir və bu baxımdan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin BMT kürsüsündəki çıxışı, eləcə də müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyəti böyük əhəmiyyət daşıyır.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Prezidenti Gürcüstan dövlətinə və gürcü xalqına böyük hörmət bəsləyir. Bunun nəticəsidir ki, ötən illər ərzində iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib.
Gürcüstan iqtisadiyyatına yatırılan Azərbaycan investisiyanın həcminin 1,2 milyard dollara çatdığını vurğulayan R.Abdullayev deyib ki, SOCAR-ın fəaliyyəti sayəsində Gürcüstanda qazlaşdırma səviyyəsi 90 faizə çatdırılıb. Bu isə qaz idxal edən ölkələrlə müqayisədə nadir göstəricidir.
Azərbaycanın Gürcüstan səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında qeyd edib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edib. Bildirib ki, uğurla həya keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.
“İkinci Qarabağ müharibəsi bizim şanlı Zəfərimiz kimi tarixdə əbədi qalacaq”, – deyə F.İbrahimov vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi