Home Cəmiyyət Vüqar Rəhimzadə: 10 noyabr Bəyanatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və...

Vüqar Rəhimzadə: 10 noyabr Bəyanatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və yenilməz ordumuzun şanlı Qələbəsidir

204
0
SHARE

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il  tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. Zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir. Arxada qalan bir il 10 noyabr Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan,  fürsət düşən kimi Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya  ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək  digər beynəlxalq  təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq  diqqəti əsas problemdən  yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatının  nəyə hesablandığı  bugünümüzdən  baxdıqda daha aydın görünür. Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh  yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir  Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları   cavablandırmaq  barədə düşünmürdülər? 44 günlük Vətən müharibəsi dövründə  Azərbaycan Ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir ki, düşmən ordusunun sürətlə silahlandırılması üçün hansı iyrənc üsullara əl atıldığının şahidi olasan. Onu da qeyd edək ki, Azərbaycanın  Qələbəsinin dünyaya təqdimatında mühüm rol oynayan 10 dekabr Zəfər paradında, eyni zamanda, Hərbi Qənimətlər Parkında  ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikaları nümayiş olunanda Ermənistan və ona  illərdir dəstək olan dövlətlər etirazlarını bildirdilər. Görünür, qaranlıq məqamların açıqlanması  dünyanın bəzi güclərini narahat edirdi.»

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

     Vüqar Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatı  ölkə Prezidenti, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin,  məğlubedilməz, yenilməz  ordumuzun şanlı Qələbəsidir: «Noyabrın 9-dan 10-na keçən gecə  bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran ölkə  Prezidenti İlham Əliyev  bütün dünya azərbaycanlılarına  30 ilin işğalına son qoyulmasının, artıq  Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasının   sevincini yaşatdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa Zəfərindən  sonra düşmənə növbəti ağır zərbə vuruldu. Belə ki, noyabrın 9-da  növbəti ildırım sürətli  hərbi  əməliyyatlarımızla 71 yaşayış məntəqəsi, bir qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edildi. Ümumilikdə isə  27 sentyabrdan 10 noyabradək  300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və  strateji yüksəkliklər yağı düşməndən təmizləndi. İşğal altında olan digər rayonlarımızın – Ağdam, Laçın və Kəlbəcərin  10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi Zəfərimizin  bariz nümunəsidir.»

     YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,   Azərbaycan xalqı Vətən müharibəsində  nə qədər böyük,  vətənpərvər, dəmir iradəyə malik  xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: “30 ilin əziyyəti,  ümidsizliyi,  əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik,  mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib  işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla  Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının cədvəlini verdi. Hansı ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində dəfələrlə bildirirdi ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmaları ilə bağlı  konkret vaxt desinlər, biz də  hərbi əməliyyatları  dayandıraq.»

   Vüqar Rəhimzadə Bəyanatın özündə ehtiva etdiyi 9 bənddən irəli gələn  vəzifələrin yerinə yetirilməsinə diqqəti yönəldərək bugünümüz üçün əsas olan məsələnin – sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb:  «Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan tərəfi təkmil sülh modelini təqdim edib. Dövlət başçısı İlham Əliyevin bəyanatlarında bu fikir xüsusi yer alır ki, sülh təklifi masa üzərində  uzun müddət  qala bilməz.

Təbii ki,  bu, Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. İşğalçı dövlətin və ona dəstək olanların 30 ilə yaxın dövrdə münaqişənin həllini uzatmaq üçün hansı yollara əl atdıqları məlumdur. Sonda təcavüzkar dövlət daha da  irəli  gedərək bizə   yeni ərazilər uğrunda müharibə planları ilə hədə-qorxu gəlirdi. Hansı ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Vətən müharibəsinin başlamasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının iclasında Ermənistanın yeni ərazilər uğrunda  müharibə planları hazırladığını  bəyan etmişdi. O zaman dünyanın bəzi dövlətləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar  bu xəbərdarlığa  etinasız  yanaşmaqla növbəti dəfə  işğalçı Ermənistana dəstəklərini açıq-aşkar büruzə verdilər.»

 «Artıq Bəyanatın imzalanmasından  bir il ötür» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, region dövlətləri ilə əməkdaşlığın daha da  gücləndirilməsi, o cümlədən məğlub Ermənistanla  nəqliyyat kommunikasiyalarının açılması  prioritet məsələ kimi öndədir:  «Həmçinin yeni reallıqlara uyğun olaraq yeni əməkdaşlıq formatlarının yaradılması gündəmdədir.  Amma Ermənistan sülh müqaviləsinin imzalanmasını   uzatmaqla vəziyyəti gərginləşdirməyə çalışsa da bunun mümkünsüzlüyünün fərqindədir.  Dövlət başçısı İlham Əliyev Şuşada  hərbçilər qarşısında çıxışı zamanı Zəfərimizdən bəhs edərkən  bu məqamı xüsusi qeyd etmişdir ki, biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.»

   Vüqar Rəhimzadə qısa təhlil əsasında belə nəticəyə gəlib  ki, bugünümüzün mənzərəsi budur ki, Azərbaycan regionda və həmçinin dünya çapında  yeni  reallıqlar yaratdı, Qələbə çaldı,  düşməni torpaqlarımızdan qovdu: «Ermənistanın baş naziri Nikol Paşinyan  kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı,  ya tamamilə məhv olacaqdı, ya da  sənədi imzalayacaqdı. Bu günün isə əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Ermənistandakı siyasi və iqtisadi böhran, sosial və hərbi  gərginlik bu addımın da yaxın zamanlarda atılacağını qaçılmaz edir.»