Home Biznes və iqtisadiyyat xəbərləri “BOS Şelf”in inşa etdiyi “Zəfər Parkı” istifadəyə verilib – FOTO

“BOS Şelf”in inşa etdiyi “Zəfər Parkı” istifadəyə verilib – FOTO

314
0
SHARE

Azərbaycanda hər kəs kimi “BOS Şelf” MMC-nın çoxsaylı kollektivi də möhtəşəm Zəfər Gününü təntənəli şəkildə qeyd edib.

Belə ki, Zəfər Gününü şirkət rəhbərliyi şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə kampaniyasına başlayıb. Həmin kampaniya çərçivəsində Vətən müharibəsində şəhid olan igid övladlarımızın hər birinin xatirəsinə ağac əkilməsi nəzərdə tutulub.

Tarixi Qələbəmizin memarı olan şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Şirkətin baş direktor əvəzi Nazim Hüseynov şirkət ərazisində hazırlanmış “Zəfər Parkı”nın açılış mərasimində çıxış edib, 44 günlük Zəfər döyüşləri barədə geniş məlumat verib.

Şirkətin qazi işçiləri öz ürək sözlərini söyləyiblər. “Zəfər Parkı”nda quraşdırılmış xüsusi lövhələr üzərində 44 gün ərzində gedən döyüşlərdə şəhid olan hərbçilərmiz və işğaldan azad edilən rayonlarımız barəsində məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, şirkətin 58 işçisi Vətən müharibəsində iştirak edib. Həmin qəhrəman Vətən övladlarından 4 nəfəri yaralanıb, 9 nəfər isə ciddi şəkildə xəsarət alıb. Onların hər birinin əməliyyat və müalicə xərcləri  şirkət və onun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşılanıb. Müharibə dövründə döyüşçü-işçilərin əməkhaqqısı ikiqat ödənilib, onların ailələrinin ehtiyacları daim diqqət mərkəzində saxlanılıb  və döyüşlərdən qayıdandan dərhal sonra onların hər birinə 200 manat və Zəfər Günü münasibətilə də hər bir qazinin hesabına 200 manat köçürülüb.

“BOS Şelf”dən bildirilib ki, şirkət rəhbərliyi müharibə veteranlarına daim xüsusi həssaslıqla yanaşır. Belə ki, “BOS Şelf”də işlə təmin olunmaq məqsədilə bu ilin yanvar – noyabr aylarında Vətən müharibəsi iştirakçısı olan  578  nəfərin siyahısı tutulub. Nəticədə növbəlilik əsasında onların müxtəlif peşələr üzrə təlimlərə cəlb edilməsi planlaşdırılıb. Artıq həmin nüharibə veteranlarından 48  nəfəri şirkətin təlim mərkəzinə qəbul olunub,  9 nəfər veteran isə fəaliyyətə yararlı müxtəlif peşə sahibləri olduqları üçün birbaşa işə qəbul ediliblər.

Onu da qeyd etmək lazımdır ki, şirkət rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi şəhid ailələrinin və qazilərimizin sağlamlıqları ilə bağlı və sosial xarakterli problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır. Belə ki, kran operatoru olan şəhid atası Namiq Kəlbiyevin ailəsinə 11000 manat maddi yardım göstərilib. Quraşdırıcı Mehman Məmmədovun oğlu olan Vətən müharibəsi veteranı, eyni zamanda, döyüşlərdə göstərdiyi igidliyə görə bir çox medallara layiq görülən Hünər Məmmədovla şirkət rəhbərliyinin görüşü keçirilib, həmçinin qəhrəman qazimizə 2000 manat  mükafat verilib.

Eyni zamanda vurğulanıb ki, bəzən şirkətə burada çalışmayan qazilər də kömək üçün müraciət edirlər. Təqdirəlayiqdir ki, onların müraciəti də diqqətdən kənarda qalmır. Müalicəsinə və ailəsinin sosial durumunun ağır olmasına görə yardım məqsədi ilə müraciət etmiş Vətən müharibəsi qazisi Eyyub Famil oğlu Dadaşovun müalicəsi təşkil edilib, həmçinin qazinin ailəsinə bir neçə dəfə maddi yardım göstərilib.

Onu da qeyd edək ki, tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi ərzində şirkətin həm rəhbər heyəti, həm  də sıravi işçiləri mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər edib, qəhrəman zabit və əsgərlərimizə istər maddi, istərsə də mənəvi dəstəklərini əsirgəməyiblər. Belə ki, “BOS Şelf” tərəfindən Silahlı Qüvvələrimizə təxminən 100000 manatlıq ehtiyac duyulan ləvazimatlar çatdırılıb. Bununla da kifayətlənməyən şirkət rəhbərliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000000 manat, müəssisənin Həmkarlar İttifaqı Komitəsi və işçiləri isə ayrılıqda 185 000 manat pul vəsaiti köçürüblər.

Zəfər Günü ilə bağlı “BOS Şelf”dən aldığımız sonuncu məlumat da çox maraqlıdır. Belə ki, “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin Zəfər Günündə şəhid övladları üçün təşkil etdiyi tədbirin maliyyə xərclərini “BOS Şelf”in kollektivi öz üzərinə götürüb.

“BOS Şelf” MMC-nin rəhbərliyi və kollektivi Zəfər Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik  edir, bu tarixi Qələbənin memarı olan şəhidlərimizin ruhuna sonsuz ehtiramını bildirir, qazilərimizə sağlamlıq arzulayır, Vətən müharibəsinin bütün iştirakçılarına sonsuz minnətdarlığını çatdırır.

https://www.youtube.com/watch?v=z_UnroNX9L0