Sonu yoxdur gəzdiyimiz bu yolların. Kəsişən saysız-hesabsız Bakı küçələri ayrılıqlar qədər mürəkkəb, qarmaqarışıqdır. Bəzən dalanlara dirənirsən, qayıtmağa taqətin qalmır, əyyaşlar kimi tanımadığım evin darvazasının qarşısında uzanıb yuxuya gedirsən.
Bəzən də, addımlarınla danışır, ayaq səslərini dinləyirsən. Nəfəsinə qulaq kəsilirsən ki, bəlkə özünü anlayasan. Saçlarının arasından süzülən təri silməyi unudursan. İsti asfaltlarda sürünməkdən, tozlu divarların qoxusunu ciyərlərinə çəkməkdən yorulanda anlayırsan ki, bu dünyada tək düşmənin unuda bilmədiklərindir.
İnsanı vaz keçmədikləri məhv edər həmişə. İtirmək istəmədiklərimiz işgəncələrimizin toxumudur. Nə vaxta qədər ki, Tanrının bağışladığı ruhu başqalarına qovuşmaq üçün bəsləyəcəyik, boğazımıza dolanan kəndirdən xilas ola bilməyəcəyik. Kainat qovuşmayan ürəklər, vüsala yetişməyən eşqlər, saysız-hesabsız unudulmuş uşaqlıq sevgiləri ilə doludur.
Doğularkən bizə verilən ilk hədiyyə hisslərimiz oldu axı. Hamısını da qara hərflərlə yazdılar alnımıza. İndi gecə də, gündüz də yuxumuza haram qatıb əynimizə səadət adıyla sırıdılan, boy atdıqca isə işgəncəyə çevrilən duyğuların arxasındakı qalın cildli fəlsəfəni çözməyə çalışırıq.
Əzrayıl qapının kandarında dayananda da gözünə ilk sataşan məhz həmin üstünü toz basmış kitab olur. Sənin adın yazılmış hissəni kimsə səliqə ilə silib: tabutunda daşıdığın tək əşya və öpmək istədiyin sehrli sətirlər.
Dünya həm də gözəlliklərlə zəngindir. Hər kəs öz payını götürər, qoxusunu qane olduğu qədər çəkər ciyərlərinə. Ancaq bu füsunkarlıq hər səhər pəncərənə qonşu eyvanından boylanırsa, demək, oyunu vaxtından əvvəl uduzmusan. Çünki özgənin dəftərindən köçürdüyümüz imtahanlardan keçə bilmədik heç vaxt.
Bəlkə də başqa cür yazılmalıydı bu dünyanın ssenarisi. Məsələn, Otello Culyettaya aşiq olaydı, Romeyonu da Dostoyevskinin fahişələrindən biri sevəydi. Dezdemona da özünə Hüqonun qəhrəmanlarından birini seçib ailə quraydı. Leyli heç Məcnunun qarşısına belə çıxmayaydı, əvəzində zavallı ərəb bizim Əsli ilə səadətinə qovuşmuş olardı.
Anna bəs? Anna da məni sevəydi. Onun cansız bədənini qatarın altından çıxarıb ömrümün sonuna qədər sevişərdim. Sən isə… Sən gərək doğulmazdın…
Müəllif: Xəzər Əlizadə