Home Cəmiyyət Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının rifahına hesablanıb…

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının rifahına hesablanıb…

1049
0
SHARE

Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin, eyni zamanda, birinci xanım Mehriban Əliyevanın apardığı siyasətdə insanların rifahı, paralel olaraq həssas təbəqənin sosial müdafiəsi ən mühüm əhəmiyyət kəsb edən istiqamət kimi daim nəzarətdədir. Bununla əlaqədar olaraq, ölkəmizdə əlillik sahəsində də çox ciddi işlər görülüb. Milli Məclisdə də istər komitələrdə, istər plenar iclasda bu məsələlərə xüsusi diqqət ayrılır. Əsas məsələ odur ki, 2022-ci ilin büdcəsində də sosial istiqamətdə olan xərclər əsas yer tutur. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev deyib. Deputat bildirib ki, son zamanlar ölkə başçısının tapşırığına uyğun olaraq ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi istiqamətində ciddi işlər görülür: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsi məsələləri elektron infrastruktur üzərindən və səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında aparılır. Ehtiyac yaranarsa, həmin şəxslər dəvət olunur və əyani olaraq onlara baxış keçirilir. Bu ilin ötən dövrü ərzində 50 minə qədər şəxs əlillik təyinatı alıb. Bundan başqa, Zəfərimizlə əlaqədar Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində işlər aparılır. Müraciətlərin çoxluğu səbəbindən bunların növbəli şəkildə həyata keçirilməsi müəyyən qədər vaxt apara bilər. Lakin hazırda çox ciddi işlər gedir. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədilə müəyyən komissiyalar yaradılıb. İlk növbədə komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş, yəni forma 88 elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Əlilliyi olan şəxslərə, müharibə əlillərinə müavinətlər təyin edilir və mütəmadi olaraq sosial ödənişlərin miqdarı artırılır. Son üç ildə demək olar ki, həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib”.

Komitə üzvünün sözlərinə görə, Vətən müharibəsinin 2200 qaziyə əlillik təyinatı aparılıb və bu proses davam edir. Ölkəmizdə təkcə müharibə əlilləri və qaziləri deyil, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir. Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, İkinci Dünya müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 min manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub. Bundan başqa, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil və fərdi ev verilib. Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin bu il verilməsi üçün işləri aparılır. Bu da 2018-ci ilə nisbətən 5 dəfə çoxdur. 2021-ci ilin ötən dövrü ərzində həmin kateqoriyadan olanlara verilən mənzil və ya fərdi evin sayı 1900-ə yaxındır. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalardan olanlara verilən mənzilləri də nəzərə alsaq , bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən mənzillərin sayı 2200-ə çatıb.

A.Nağıyev əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatının da həyata keçirildiyini diqqətə çatdırıb: “Bu ilin 10 ayı ərzində 8 minə yaxın əlilliyi olan şəxs 39 minə yaxın protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 1000-ə yaxın mühərrikli təkərli oturacaqla təmin edilib. Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur. Reabilitasiya müəssisələrində bu ilin on ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6500-ə yaxın şəxsə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1000-dən çox qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib. Bu onu göstərir ki, sadalanan istiqamətlərdə çox ciddi addımlar atılır.

“Təbii ki, suallar və aydınlıq gətirilməsi vacib olan məqamlar da çoxdur. Bəzi hallarda kütləvi informasiya vasitələrində və sosial mediada xüsusi olaraq şişirdilmiş bir rəqəmlə guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi” kimi tamamilə əsassız olan fikirlər yer alır. Əlillik ləğv olunmayıb, sadəcə müəyyən müddətə dayandırılıb və yenidən bununla bağlı hesablamalar aparılır, həmin şəxslər dəvət olunur. Bu proses bir sıra strukturlardan keçərək tənzimlənir. Bəzi məsələlərə obyektiv yanaşmaq, emosiyalara uymamaq lazımdır. Bir daha qeyd etmək istəyirəm ki, əlilliyə görə sosial ödənişlərin kəsilməsi halı baş verməyib, sadəcə müəyyən müddətə dayandırılıb. Müraciətlər çox olduğuna görə növbəli şəkildə həyata keçirilir. Bundan əlavə, təkrar qiymətləndirmələr də var. Əlillik müddətinin uzadılması üçün müraciətin vaxtında edilməsi də vacibdir. Ümumilikdə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsinə xüsusi diqqət, qayğı var. Təkrar qiymətləndirmə zamanı Birinci Qarabağ müharibəsi iştirakçılarından da böyük qisminin əlillik müddəti uzadılıb, bəzilərinə yenidən baxılır. Bu zaman aidiyyəti qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirlər. Bəzən illər ərzində əlilliyə görə sosial ödəniş alan və əlilliyin uzadılmaması səbəbindən həmin ödənişi ala bilməyən şəxslər bunun maddi rifaha mənfi təsir etməsindən gileylənirlər. Burada da fərdi yanaşmaq lazımdır. Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır. Məlum məsələdir, o, vaxtilə hansısa əmək qabiliyyətini itirib, lakin indi müəyyən qədər işləyə bilər”, – deyə A.Nağıyev fikirlərini yekunlaşdırıb.