Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Ermənistanın baş naziri ilə 5 saata yaxın davam edən...

Prezident İlham Əliyev: Ermənistanın baş naziri ilə 5 saata yaxın davam edən müzakirələr konstruktiv mühitdə keçdi

164
0
SHARE

Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələr konstruktiv mühitdə keçdi.

Bunu Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saata yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışıqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Dövlətimizin başçısı deyib ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.

Prezident İlham Əliyev, həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıb. Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini bildirib. Deyib ki, bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.