Home Biznes və iqtisadiyyat xəbərləri “Azərbaycan son 18 ildə” FOTO

“Azərbaycan son 18 ildə” FOTO

255
0
SHARE

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının  təşkilatçılığı ilə bu mövzuda keçirilən konfransda son 18 ilin uğurlarının müəllifi olan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətə, xalqa bağlılığından geniş bəhs olunub  

Dekabrın 22-də   YAP Xətai rayon təşkilatının  təşkilatçılığı ilə  “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.

Öncə  YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon orta  ümumtəhsil  məktəblərinin şagirdləri arasında keçirilən  rəsm sərgisinin nümayişi olub.

Akt zalında davam edən tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın son 18 ildə qazandığı uğurlardan geniş bəhs edərək bildirib ki, bu dinamikanı hər kəs öz həyatında hiss edir: “Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən ölkə iqtisadiyyatının inkişafının prioritetliyini önə çəkərək neft siyasətinin məntiqi davamı kimi  qeyri-neft sektorunun inkişafını qarşıya mühüm vəzifə kimi qoydu.  “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən dövlət başçısının son 18 ildə atdığı addımlara diqqət yetirsək bu hədəfin  artıq reallığa çevrildiyini böyük inamla qeyd edə bilərik. Azərbaycan iqtisadi qüdrətini möhkəmləndirdi,  iştirakçısı və təşəbbüsçüsü olduğu nəhəng enerji layihələri ilə  regional inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.  Neft gəlirlərindən səmərəli istifadə  mühüm  sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına əsas yaratdı.  Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu məqam öz əksini tapdı ki, həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. İqtisadi tərəqqi insanların gündəlik həyatında öz əksini tapmalıdır.”

“Son 18 ilin uğurlarının təhlili bu fikri böyük inam və qətiyyətlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin hər bir vədi  əməli fəaliyyətində öz əksini tapıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki,  ötən illər ərzində Azərbaycanın müdafiə qabiliyyəti gücləndirildi: “Ərazi bütövlüyümüzü təmin etmək iqtidarında  olan və bunu  44 günlük İkinci Qarabağ müharibəsində təsdiqləyən  müzəffər ordumuzun həm döyüş qabiliyyəti artırıldı, həm də müasir hərbi texnika ilə təminat həyata keçirildi. Azərbaycan hərbi qüdrətini möhkəmləndirməklə  yanaşı,  haqlı tərəf kimi informasiya cəbhəsində də üstünlük əldə etmək  üçün ciddi səylər göstərdi. Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, hər bir müsahibəsi Azərbaycan həqiqətlərinin, keçmiş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin təqdimatı oldu. Bu gün böyük fəxrlə qeyd etdiyimiz  “Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir” fikri təbii ki, ötən illər ərzində həyata keçirilən siyasətin, böyük səylərin nəticəsidir.  Azərbaycan haqqın, ədalətin  tərəfində olduğunu  yürütdüyü müstəqil siyasəti ilə bir daha dünyaya nümayiş etdirdi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 18 ilin uğularından saatlarla, günlərlə danışmaq olar: “Bunların ümumiləşdrilmiş ifadəsi  44 günlük İkinci Qarbabağ müharibəsində tarix Zəfərimizdir. 44 gündə əsrlərlə danışılacaq  tarix yazıldı. O tarix ki, xalqımız 30 ilə yaxın dövrdə bu günün həsrəti ilə yaşayır, hər zaman bu inam ifadə edirdi ki,  Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  ərazi bütövlüyümüzü təmin edəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Təbii ki, bu inam dövlət başçısının dövlətinə, xalqına bağlılığına,  hər zaman Azərbaycanın gələcəyini düşünməsinə, bu istiqamətdə gördüyü işlərə və ən yüksək tribunalardan bəyan etdiyi müstəqil siyasətimizə və haqq səsimizə əsaslanırdı. Bu gün torpaqlarımızın  azadlığa qovuşmasından qürur duyuruq. Bu Zəfərin müəllifi  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordsudur.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, son 18 ildə Azərbaycanın siması tamamilə dəyişib: “Dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş  siyasəti nəticəsində paytaxt və bölgələrimiz arasında fərq tamamilə ardan götürülüb. Bu gün Azərbaycanın hər bir bölgəsi, kənd və qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır.  Xətai rayonunun timsalında görülən işlərin miqyasının nə qədər böyük olduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik.”

R.Quluyev qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində  qarşıdakı dövr üçün  vəzifələri açıqlayarkən bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bildirmişdi: “Təbii ki, bu hədəf onlar üçün yaradılan şəraitlə yanaşı, tezliklə  işğal altında  olan torpaqlarımızın azad ediləcəyinə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qaydıcaqlarına  çağırış idi. Son 18 ili  ərazi bütövlüyümüzün bərpasına hazırlıq illəri kimi  xarakterizə  edə bilərik. Azərbaycan iqtisadi  baxımdan möhkəmləndi, ordu quruculuğu istiqamətində  mühüm addımlar atıldı və Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında  yer aldı,  demokratik inkişafmız sürətləndi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Bununla yanaşı, Azərbaycan gənclərinin vətənpərvərlik ruhu daha da artdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 44 günlük  Vətən müharibəsinin qəhrəmanları məhz  son 18 ildə yetişən gənclikdir.  Prezident İlham Əliyevin “Hücum!” əmrinə böyük ruh yüksəkliyi ilə cavab verən Azərbaycan gəncləri silaha sarılaraq  torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldılar və müharibəni qalibiyyətlə başa vurdular. Öz qanları, canları hesabına tarix yazan vətənpərvər Azərbayan oğullarının həyat yolu gələcək nəsil üçün vətənpərvərlik məktəbi oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu fikri xüsusi qeyd edir ki, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Son 18 ildə gənclərə diqqət və qayğı imzalanan Dövlət  Proqramlarında özünün aydın ifadəsini tapır. Gənclərimzin xarici ölkələrdə təhsilinə  xüsusi diqqətin göstərilməsi də onların gələcyimiz üçün peşəkar kadr kimi yetişməsində əhəmiyyətli rol oynayır.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı son 18 ilin ulu öndər Heydər Əliyev yolunun davamı olduğunu önə çəkərək bu yolun Azərbaycana daim uğurlar qazandırcağını bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova  Azərbaycanın bu gün dünyada özünəməxsus yer  tutmasını şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə  hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Bu, Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin nəticəsidir və bu uğuru qazandıran məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətidir.”

Hicran Hüseynova ötən 18 ildə  insan hüquq və azadlıqlarının, xüsusilə də  qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində görüldən işlərdən bəhs edərək bildirib ki,  Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə qanunvericilik bazasının və institusional mexanizmlər davamlı olaraq təkmilləşdirilmişdir: “Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın və uşaq siyasəti Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilmişdir. Hələ bir çox Avropa və MDB ölkələrində gender bərabərliyi haqqında heç bir hüquqi-nörmativ sənəd olmayanda, 15 il bundan əvvəl Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. Dövlət Qadın Problemləri Komitəsinin bazası da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2010-cu ildə “Məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı” Qanun qəbul edildi. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında   qızlar və oğlanlar üçün  nikah yaşı 18-ə  qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsi”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın qadın və uşaqlara, bütövlükdə Azərbaycan vətəndaşına  göstərdikləri qayğı, diqqət göz önündədir.”

“Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir” söyləyən Hicran Hüseynova vurğulayıb ki,  Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bu gün də belə təsirlər var. Lakin Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi: “Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir.  Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki,  həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən Lideri olsun. Bizim belə bir Liderimiz var: o, sözün əsl mənasinda Böyük Azərbaycanlı İlham Əliyevdir.”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov çıxışında bildirib ki, tarixi Zəfərimizin arxasında xalqımızın iradəsi dayanır: “O iradəni düzgün istiqamətləndirən Ali Baş Komandanımız, Prezidentimiz var. Biz daim ona borcluyuq. Cənab Prezident  çıxışlarının birində  qeyd etmişdir ki, iş o yerə gəlib çıxmışdır ki, hətta biz inanmırdıq ki, o baş verəcək. Hətta biz ədaləti itirmək  və bir də bərpa etməmək fikrinə düşürdük.”

S.Seyidov qeyd edib ki, amma kimsə o inamı itirirdisə,  cənab Prezident itirmədi: “Onun iradəsi, təkidi, düşüncəsi, sanki gələcəyi 18, 20 il öncədən görmək qabiliyyəti uğurlarımızı təmin etdi.   Ümumiyyətlə, belə şəxsiyyətlər nadir şəxsiyyətlərdir. Ona görə ki, onlar  rəhbərlik etdiyi qurumların, hətta məmləkətlərin belə  miqyasından  böyükdürlər. Diqqət yetirək. Azərbaycanın XX əsrdə ən müdrik addımlarından biri ondan ibarət idi ki, Heydər Əliyevi özünə  Ümummilli Lider kimi  seçdi, hakimiyyətə gətirdi. Ulu öndər Heydər Əliyev   ABŞ-a gedərkən Buş “Sovet İttifaqı niyə dağıldı, bu dünyada nə baş verəcək, ABŞ hansı istiqamətə gedəcək” suallarına cavab axtardı. ABŞ-ın Prezidenti  Ümummilli Liderdən ABŞ-ın sonunu necə olacağını soruşurdu. Niyə? Ona görə ki, Heydər Əliyevin miqyası Sovet İttifaqından böyük idi. Heydər Əliyevin böyüklüyü, şəxsiyyətinin miqyası Azərbaycanı yeni bir mərhələyə çıxardı. 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə adını  qızıl  hərflərlə Azərbaycanın tarixinə  yazdı. Onun  gördüyü işlər hələ bundan sonra uzun illər  əbədi şəkildə Azərbaycanı,   regionu və dünyanı  zənginləşdirəcəkdir.”

Səməd Seyidov Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində  möhkəm əlaqələrindən geniş bəhs edərək bildirib ki, bunlar Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir.

Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev çıxışnda əsas diqqəti dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərimizə yönəldib: “44 günün hər günü  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 27 sentyabr ərazi bütövlüyümüzün bərpasına başlanıldığı gün, 8 noyabr Zəfər Günümüzdür. 44 günün hər günü bizi Zəfərə yaxınlaşdırırdı. Bunun qürurunu sözlə ifadə etmək çətindir. 30 ilin işğalına 44 gündə son qoyulması Azərbaycan  Ordusunun gücünü, qüdrətini, döyüş ruhunun təqdimatı oldu. Ordumuza bu gücü, qüdrəti verən xalqımızın inamı idi. 44 günlük Vətən müharibəsində Qələbəmiz   Xalq-Ordu-Prezident birliyinin nəticəsidir.”

Anar Mirzəyev qeyd edib ki, bu gün başımız uca, alnımız açıqdır. Qarbağımızın  tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız azaddır.  Azərbaycan Ordusu  düyanın hərb tarixinə yeni səhifə yazdı.

Dövlət Təhlükəsizlik  Xidmətinin Xətai rayon şöbəsinin  rəisi Hümbət ƏliyevAzərbaycanın bu gün sabit, təhlükəsiz ölkə kimi qazandığı imicdən geniş bəhs edib. Bildirib ki, bütün  uğurların təməlində ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilməsi dayanır: “Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad  edilməsindən qürurludur. Bu gün bəlkə də mahiyyəti o qədər də  dərk olunayan hadisələr illər keçdikcə daha dərindən öyrəniləcək, dəyərləndiriləcək. Azərbaycanın  şanlı Zəfəri tariximizin ən parlaq səhifəsidir. Bununla qürur duyur, dövət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək işğaldan azad  edilmiş ərazilərimizdə  bərpa və quruculuq işlərinin qısa zamanda başa çatdırılmasına dəstək olmalıyıq.”

Xətai rayon ərazisində  yerləşən 2 saylı “ASAN xidmət”in direktor müavini  Murad Əlizadə çıxışında Azərbaycanın innovasiyalar ölkəsi olmasından bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin daim  təkmilləşmədə maraqlı olması və bunu islahatlar  kursunu dərinləşdirməklə təsdiqləməsi  Azərbaycanın  irəliyə doğru irəliləməsində, dövrün tələblərini  yüksək səviyyədə yerinə yetirməsində əhəmiyyətli rol oynayır.  Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”  şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında  mühüm  rol oynayır ki, bu da dövlətin siyasətinin əsasını təşkil edir.

Konfransda  YAP Xətai rayon təşkilatı ilə  rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən  inşa yazı və rəsm  müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlarla xatirə şəkli çəkdirilib.

 Sonda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə cənab İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.