Dekabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib və onları təqdim edib. Musa Quliyev Azərbaycan Prezidentinin cari il oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladığını xatırladaraq, bu günlərdə ölkə başçısının minimum əməkhaqqının artırılması, o cümlədən müəllimlərin və dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması, habelə bir sıra sosial müdafiəyə ehtiyacı olan vətəndaşların müavinətlərinin və təqaüdlərinin artırılması ilə bağlı sərəncamlarını qeyd edib.
Bildirilib ki, Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də aparılan sosial islahatların tərkib hissəsidir. Layihədə təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 20 faiz artaraq 240 manat məbləğində müəyyən olunur. Bu, minimal pensiya alan vətəndaşlarımızın sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək.
Deputat Vüqar Bayramov dəyişikliyin aktual olduğunu, sosial təminat baxımından vacibliyini söyləyib, təkliflərini səsləndirib.
Komitə sədri gündəliyin növbəti iki məsələsinin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlik probleminin həllinə yönəldiyini deyib. Belə ki, “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) sənəddə sığorta hadisəsi anlayışına dəqiqlik gətirilib. Digər dəyişiklikdə isə “işsizliyin başlanmasından” ifadəsi “sığorta hadisəsinin baş verdiyi tarixdən” ifadəsi ilə əvəz edilib. Layihədə, həmçinin əmək müqaviləsinin müddəti qurtardıqda tələb olunan ən azı 36 təqvim ayı ərzində əmək müqaviləsinin müddətinin 30 ayadək azaldılması, sığorta ödənişinin isə 3 ay sonra deyil, sığorta hadisəsi baş verdikdə ödənilməsi məqsədilə müvafiq dəyişikliklər aparılıb.
“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (üçüncü oxunuş) isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlbi kimi fəal məşğulluq tədbirlərini təsbit edən müddəalar təklif olunur.
Sonra Musa Quliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, məcəlləyə turizm haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə əlavə olunur və bu sahədə yaranan hüquq pozuntuları ilə bağlı müvafiq cərimələr müəyyən edilir.
Tədbirin sonunda “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda, digər üç qanun layihəsi isə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Onlayn iclasda komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Rauf Əliyev, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev iştirak ediblər.