Azərbaycan-Fransa münasibətlərinin kifayət qədər uzun tarixi var. Azərbaycan uzun illər ərzində bu münasibətlərin inkişafına xidmət edib. Humanitar sahədə böyük birgə fəaliyyətimiz, nəticələrimiz və uğurlarımız olub. Azərbaycan hər bir dövlət, eyni zamanda, Fransa ilə münasibətlərinin inkişafında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, postmünaqişə dövründə Fransa dövlətinin rəsmi nümayəndələri tərəfindən qərəzli açıqlamalar olub. Azərbaycan bunun qəbuledilməz olduğunu qarşı tərəfə çatdırıb. Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmətsizlik göstərən hər bir şəxsin adı ölkənin qara siyahısına daxil edilir.
“Son aylar ərzində həm ikitərəfli əsasda, həm də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşlərdə Fransanın balanslı münasibətlər sərgilədiyini görmüşük”, – deyə Ceyhun Bayramov qeyd edib.