Home Biznes və iqtisadiyyat xəbərləri Deputat Arzu Nağıyev Tovuzda şəhid ailəsini ziyarət etdi

Deputat Arzu Nağıyev Tovuzda şəhid ailəsini ziyarət etdi

325
0
SHARE

5 yanvar 2022-ci ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə Milli Məclisin deputatı  Arzu Nağıyev Tovuz rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsini məzarı başında yad etmiş, daha sonra isə şəhidin ailəsini ziyarət etmişdir.

Belə ki, əvvəlcə Vətən müharibəsi şəhidi Tovuz rayonunun Aran Yanıqlı kəndindən olan Heydərov Vasif Nazim oğlunun doğum günündə məzarı önünə Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, hərbiçilər tərəfindən gül dəstələri qoyularaq, onun ruhuna dualar oxunmuşdur.

Vasif Nazim oğlu Heydərov 1997-ci il yanvarın 5-də Tovuz rayonunun Aran kəndində anadan olub.  2003-2012-ci illərdə Aran kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vasif Heydərov oktyabrın 30-da Tovuz rayonunun Aran kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə leytenant Heydərov Vasif Nazim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.

Deputat Arzu Nağıyev şəhidin məzarı başında çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu və onun qəhrəman əsgər və zabitləri yenilməz rəşadət nümayiş etdirdilər. Məhz o əsgər və zabitlərimizin canı-qanı hesabına Azərbaycan işğala son qoydu və torpaqlarını düşmən tapdağından azad etdi. Deputat xüsusilə qeyd edib ki, Azərbaycan dövləti şəhid ailələri və qazilərini hər zaman diqqətdə saxlayır, onların həyat və məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı mütəmadi və sistematik işlər həyata keçirir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.