Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə fevralın 1-də parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfəri başlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Fevralın 1-də Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Riqa Beynəlxalq Hava Limanında ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov, Latviyanın ölkəmizdəki səfiri Dainis Qarançs və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin Latviya Prezidenti, Seymin sədri, bu ölkənin Baş naziri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.