Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev Sorosla Paşinyanın şəkili barədə: Bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə,...

Prezident İlham Əliyev Sorosla Paşinyanın şəkili barədə: Bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır

198
0
SHARE

İndi internetdə məşhur şəkil var – Soros və Nikol Paşinyan. Bilmirəm, görmüşünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür.

Bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

“Kənar təsir məsələsinə gəldikdə, əlbəttə, ilk növbədə, gənclər bilməlidirlər ki, bu təsirin məqsədi nədir. Əgər bu məqsəd xoş niyyətlidirsə, bu, bir məsələ. Ancaq əfsuslar olsun, bizim üzləşdiyimiz mənzərə odur ki, bu məqsədin arxasında konkret planlar var və yenə də gənclər ən məqbul kateqoriya hesab olunur. Çünki gəncdirlər, onlar daha fəaldırlar. Hər bir cəmiyyətdə qüsurlar var, hər bir cəmiyyətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür. İndi Yaxın Şərq ölkələrinə baxın. Faktiki olaraq artıq bu böhranla üzləşmiş ölkələr öz sərhədlərini formal olaraq saxlasalar da, de-fakto o sərhədlərə nəzarət etmirlər. Yəni, belə çıxır ki, Yaxın Şərqdə yeni de-fakto sərhədlərin müəyyən edilməsi prosesi davam edir. Hələ bu ərəb inqilablarından əvvəl belə fikirlər dolaşırdı ki, vaxtilə sərhədlər düzgün müəyyən edilməyib. Biz yaxşı bilirik ki, o sərhədləri kim müəyyən edib. Bir neçə ölkənin nümayəndəsi karandaşla yeni sərhədlər cızıblar və hesab edirdilər ki, buna onların haqqı çatır. Sonra gördülər ki, artıq o ölkələr böyüyür, əhali böyüyür, bəzi ölkələr zənginləşir və sözə baxmır. Ona görə qərara gəldilər ki, yeni bölgü aparılsın və de-fakto bu bölgü aparıldı. Daha mən xırdalamaq istəmirəm, hər kəs başa düşür mən nəyi nəzərdə tuturam. Nəticə etibarilə nə oldu? Ölkələr faktiki olaraq öz müstəqilliyini itirdilər. Bölündülər – biri üç yerə, biri dörd yerə, biri beş yerə. Bəzi yerlərdə, ümumiyyətlə bilinmir ki, kim nəyi idarə edir. Yəni, elə bil, necə deyərlər, ibtidai quruluşa doğru yuvarlanırlar. Kim bundan faydalanır? Yenə də pərdənin arxasında gizlənənlər. Çünki “böl və hökm sür” tezisi hələ də qüvvədədir. Bu, dərs olmalıdır? Əlbəttə, dərs olmalıdır.

Yadımdadır, ərəb baharı olanda burada da bəziləri deyirdilər ki, Azərbaycan da bu ərəb baharının bir parçası olmalıdır. Halbuki bizə bunun heç bir aidiyyəti yoxdur və Azərbaycanda daxili təhlükə mənbəyi də yoxdur. İndi postsovet məkanına baxaq. Orada da demək olar ki, ifaçılar eyni idilər. Postsovet məkanında neçə rəngli inqilab oldu? O ölkələrin xalqları daha yaxşı yaşamağa başladılar? Yox. Nə oldu? Xaos, anarxiya, idarəolunmaz vəziyyət. Bu günə qədər davam edən siyasi çəkişmələr, siyasi repressiyalar və iqtisadi cəhətdən deyə bilmərəm ki, üstünlük oldu. Əksinə, sabitlik pozulan yerlərə investisiya qoyulmur, nə yerli, nə xarici.

Biz də bu təhlükə ilə üzləşmişdik və mən yaxşı xatırlayıram 2003-cü ildə Prezident vəzifəsinə seçilmişdim. O vaxt da mənim qələbəmi şübhə altına almaq istəyənlər olubdur. Ancaq əsas gücü onlar 2005-ci ilə – parlament seçkilərinə saxlayırdılar. O vaxt bir çox postsovet ölkələrində rəngli inqilablar olmuşdu və hətta növbəti istiqamət Azərbaycan hesab olunmuşdu. Amma alınmadı. Nə üçün? Çünki xalq dəstəkləmədi, bir. İkincisi, o oyunçuları düzgün seçməmişdilər. Yəni, o marionet oyunçular o vəzifəni icra edə bilmədilər, özləri də biabır oldular. Amma bundan sonra o cəhdlərə ara verildi ki? Yox, yeni formalara keçdi. Yəni, 2005-ci ildə keçmədi, çalışdılar, ərəb baharı 2012-də keçmədi, ondan sonraya saxladılar.

Bununla yanaşı, informasiya təxribatları davam edir, informasiya agentliklərindən istifadə olunur. İndi Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bunu mən demirəm, o deyir. O, hər halda bizdən yaxşı bilir, nə nədir. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür. Bu, çox bəsit bir texnologiyadır, amma əfsuslar olsun ki, bəzi yerlərdə bu, işləyir. İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları. Hamısı da Azərbaycana qarşı uzun illərdir mübarizə aparır, o cümlədən Qarabağ məsələsində. Hamısında da ermənilər aparıcı rollardadır. Onların adları da məndə var, sadəcə olaraq, bunu siz də tapa bilərsiniz – “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Haradan maliyyə alırlar? Ona da baxmaq olar, böyük dövlətlərin büdcələrindən. Kim deməli musiqini sifariş edir, o da, necə deyərlər, söz sahibidir. Hədəf Azərbaycandır, Azərbaycan rəhbərliyidir. Çünki bütün başqa üsullardan istifadə etdilər, alınmadı. İnqilab alınmadı, çevriliş alınmadı, nə bilim, narazılıq yaratmaq alınmadı. Qarabağ məsələsindən istifadə edirdilər, o da alınmadı. İndi biz tarixi Zəfər çaldıq. Ona görə yeni üsullar axtarılır və hədəf gənclərdir. Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır.

Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Deməli, biz elə etməliyik ki, bu, daim davam etsin. Elə etməliyik ki, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən siz gənclər elə etməlisiniz ki, heç vaxt onlar bizə qalib gəlməsinlər. Biz onları bütün meydanlarda məğlub etmişik – həm siyasi, həm də bütün başqa meydançalarda. Onların axırıncı arqumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən çıxdı. Ona görə indi onlar Ermənistanla birlikdə yeni planlar cızırlar. Məsələn, indi internetdə məşhur şəkil var – Soros və Nikol Paşinyan. Bilmirəm, görmüşünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür.

Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”.