Home Biznes və iqtisadiyyat xəbərləri AMEA… Hər şey elə burda bitsə yaxşıdır…

AMEA… Hər şey elə burda bitsə yaxşıdır…

311
0
SHARE

Bu gün Azərbaycanda hər bir dövlət qurumunun, elm müəssisəsinin fəaliyyətindən xəbər tutmaq üçün ilkin məlumatı o qurumun öz rəsmi saytından almağa üstünlük verirlər. Müasir dövr bunu tələb edir, ən etibarlı mənbə olaraq kütlə buna inanır. Kütlənin inandığı bir kəsim də mövcuddur. O da tarixin bütün zamanlarında hər şeyin fövqündə duran, sinəsini və qələmini sözün həqiqi və məcazi mənasında qabağa verən ziyalıları…

Azərbaycan Milli Elmlər Akademiyasının saytına daxil olarkən saytda çağdaş elmi yeniliklərin paylaşılmalı olduğu halda, postmüharibə və postmünaqişə dövründə Azərbaycanın daxilində yerli Azərbaycan oxuyucusu və xaricində dünyanın akademik dairələrini, beyin mərkəzlərini məlumatlandıran gənc alimlərə yeni fürsətlər, çağırışlar olunmalı, yeni qapılar açılmalı olduğu halda, dünyanın modern akademik tələblərinə operativ reaksiyalar verilməli olduğu halda, Azərbaycan və dünya elminə sanballı töhfələr verilməli olduğu halda daha əvvəllər ikitərəfli və çoxtərəfli, indi isə kütləni bürüməyə hesablanmış təhlükəli kütləvi intriqaların yaradılmasına cəhd göstərilmiş məlumatların, paylaşımların şahidi oluruq… Bu isə birbaşa cəmiyyətə zərbədir, onun düşünən beyinlərinə düşünmə, yazan əllərinə yazma deməkdir, söz deyən dillərin susdurulması cəhdidir. Bu cəmiyyətin, xalqın çaşdırılması cəhdidir… AMEA-nın saytı elmə sanballı töhfələri ilə “çökməlidir”, intriqalarla deyil… Lakin AMEA saytında biz nə görürük? Təhdidlər, hədələr, barmaq sallamalar…

Azərbaycan hakimiyyətini, cəmiyyətini ciddi cəhdlərlə, əsassız ittihamlarla hədəfə almaq yolverilməzdir, ən azı indiki məqamda. Döyüş meydanında savaş bitdi, informasiya savaşı davam edir, psixoloji savaş gedir, hibrid savaşları gedir… AMEA töhfəsini bu savaşlara verməlidir. AMEA bu savaşın ən öndə gedən bayraqdarlarından biri və birincisi olmalıdır.  Xocalı soyqırımının  beynəlxalq aləmdə daha ağır səsli, gurultulu addımlarla tanıdılması istiqamətində dünyanın qabaqcıl universitetlərinin kitabxanalarına sanballı məqalələr təqdim olunmalı, kitablar verilməlidir. Beynəlxalq əlaqələr genişləndirilməli, gənc alimlərimizin dünyanın nüfuzlu elm ocaqlarından bəhrələnmək təcrübəsi yaradılmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu cür yersiz intriqalar elmə marağı olan insanların son ümidinin də söndürülməsi deməkdir.

Millətin vəkilləri millətin səsinin carçıları, ziyalıları isə onun işıqlı gələcəyidir, bu işıqlı gələcəyin topa tutulması, gülləbaran edilməsi yolverilməzdir. Bu, Azərbaycanın dövlət başçısının iradəsinə, xalqın iradəsinə zidd addımlardır. Təəssüf ki, bunların başında duran, xalqın, millətin seçdiyi millətin vəkilinə yaraşmayan ifadələr ünvanlayan şəxsin özü elə dövlət və dövlətçiliyin nə demək olduğunu bilən Ramiz Mehdiyevdir. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Xalqın gözü də tərəzidir. Bu istefa sosial çağırışdır, haraydır, yolun sonudur. “Burda dayanmaq lazımdır” deməkdir. Hər şey elə burda bitsə yaxşıdır…

Arzu Nağıyev

Millət vəkili