“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası (MAA) səciyyəvi xüsusiyyətlərinə, maddi-texniki, tədris-metodiki, elmi-tədqiqat və laborator-təcrübə bazasına görə Azərbaycan Respublikasının təhsil sistemində xüsusi yer tutur. Aviasiya mütəxəssislərinin hazırlanması mülki aviasiyanın inkişafının ayrılmaz hissəsinə çevrilmişdir. Hava gəmiləri parkının yenilənməsi, hava daşımalarının coğrafiyasının genişləndirilməsi, beynəlxalq aeroportların inşası, ən son naviqasiya sistemlərinin quraşdırılması, müasir uçuş-texniki istismar sisteminə keçid, habelə Milli Aviasiya Akademiyası kimi hazırlıq mərkəzinin yaradılması bu inkişafın əsasını təşkil edir.
25 ildən artıqdır ki, akademiya bu yüksək texnoloji və elmi tutumlu sahəni dünya standartları səviyyəsində tam olaraq ali, əlavə və xüsusi peşə təhsili proqramları üzrə kadrlarla təmin edir. Məhz mülki aviasiyada uçuşların təhlükəsizliyinə qoyulan yüksək tələblər Azərbaycanda aviasiya elminin və təhsilinin əsas istiqamətlərini özündə ehtiva etmişdir. Azərbaycanda mülki aviasiyanın strateji inkişaf istiqamətləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir.
Bu strategiyanı həyata keçirmək, genişləndirmək və inkişaf etdirmək, Azərbaycan mülki aviasiyasını dünya səviyyəsinə çıxarmaq, “Azərbaycan Hava Yolları” aviaşirkətini dünyanın nüfuzlu, müasir, təhlükəsiz və etibarlı dövlət aviadaşıyıcılarından birinə çevirmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti, diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur.
Bu gün, 25 ildən artıq vaxt keçdikdən sonra Azərbaycan mülki aviasiyasının bu illər ərzində ən sürətli inkişaf yolu keçdiyini aydın görmək mümkündür. Aviasiya Akademiyası 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi yaradılmışdır. 1994-cü ildə Milli Aviasiya Mərkəzinin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Dövlət Konserninin – indiki “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində Milli Aviasiya Akademiyası adlandırılmışdır. Ali təhsil müəssisəsi fəaliyyətə başlayarkən burada bir fakültə, iki ixtisas mövcud idi və 80 tələbə təhsil alırdı.
1996-cı ildə Akademik Arif Mir Cəlal oğlu Paşayevin MAA-nın rektoru təyin edilməsi Milli Aviasiya Akademiyasının təşəkkülündə və inkişafında mühüm hadisə oldu. Akademik Arif Paşayev Azərbaycan xalqının parlaq nümayəndələrindən olmaqla, müdrik və mütərəqqi rəhbər, son dərəcə zəngin həyat və peşə təcrübəsinə malik alimdir. Akademiyanın rektoru müasir aviasiya ali təhsil müəssisəsinin inkişafı üçün zəruri olan bütün tədbirləri görür. Bu mühüm işdə Arif müəllimə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov hərtərəfli dəstək və köməklik göstərir. Müdrik rəhbərlik və birgə səylər nəticəsində Aviasiya Akademiyası bu illər ərzində öz layiqli təşəkkül və tərəqqi yolunu keçmişdir.
Akademik Arif Paşayevin çoxillik iş təcrübəsi aviasiya sahəsində yeni elmi tətbiqini tapmışdır. O, müasir dünya standartlarına cavab verən, özündə təhsilin, elmin və istehsalatın vəhdətini təşkil edən ali təhsil müəssisəsi yaratmışdır. Rektor gözəl bilirdi ki, professor-müəllim heyətinin və tələbələrin birgə elmi-tədqiqat və praktiki fəaliyyəti olmadan tamhəcmli ali təhsil qeyri-mümkündür. Akademik Arif Paşayev vahid kollektiv yaratmağa, onun pedaqoji, elmi və praktiki fəaliyyətini təşkil etməyə və əlaqələndirməyə müvəffəq olmuşdur.
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Kosmik Məsələlər üzrə Şuranın sədri olmaqla, Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Respublikasında aerokosmik sahənin strateji əhəmiyyətli elmi layihələrinin təməlində dayanır. Onun rəhbərliyi altında bu gün Milli Aviasiya Akademiyası Heydər Əliyev Beynəlxalq Aeroportunun bilavasitə yaxınlığında yerləşən kampus üslublu müasir elmi-tədris-təcrübi kompleksdir.
Akademiyada 20 bakalavriat, 17 magistratura və 10 doktorantura ixtisasları üzrə iki minə yaxın tələbə təhsil alır. Fəaliyyət göstərdiyi illər ərzində akademiya 9000-dən çox mütəxəssis hazırlamışdır. Müasir təyyarə və helikopter pilotlarının, havada hərəkətin təşkili üzrə dispetçerlərin, aerokosmik texnikanın layihələndirilməsi və istismarı üzrə mühəndislərin, aeronaviqasiya, hava nəqliyyatında təhlükəsizlik, aviasiya meteorologiyası, aerokosmik monitorinq, sərnişin və yük daşımaları, terminalların və logistik mərkəzlərin idarə edilməsi, hava limanlarının istismarı üzrə mütəxəssislərin hazırlığı akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Akademiya bunlarla yanaşı, energetika, radioelektronika, telekommunikasiya, informasiya texnologiyaları, ekologiya üzrə mühəndisləri, hüquqşünaslıq, iqtisadiyyat və menecment üzrə mütəxəssisləri də hazırlayır.
Milli Aviasiya Akademiyasında ixtisasların seçilməsi və əsaslandırılması respublikanın aerokosmik, nəqliyyat, energetika və bir sıra digər sahələrinin inkişafına istiqamətlənmiş dövlət siyasətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisəsinin ixtisaslarının hər biri özündə müəyyən missiyanı daşıyır. Bununla yanaşı, akademiyanın bütün ixtisasları bu və ya digər şəkildə aerokosmik sahə ilə bağlıdır.
Fəaliyyətinin ilk illərində akademiya aviasiya texnikasının uçuş və texniki istismarı üçün kadrlar hazırlayırdı, lakin ölkə iqtisadiyyatının intensiv inkişafı sayəsində müasir tələblərə cavab verən yüksəkkateqoriyalı mütəxəssislərə zərurət yaranırdı. Bu baxımdan təhsilin bütün səviyyələri üzrə hazırlıq istiqamətlərinin və proqramlarının müəyyən olunması əsas vəzifələrdən idi. Həmin vəzifənin həyata keçirilməsi istiqamətində rektor Arif Paşayev uzun illər ərzində təhsil məsələlərində müdrik və qətiyyətli siyasət yürüdür. Bu siyasətin əsasını gələcəyə perspektiv baxış və səmərəli yanaşma təşkil edir. Rektor dinamik inkişaf edən iqtisadiyyat sahələrində peşəkar kadrlara və hazırlıq növlərinə olan tələblərin daim dəyişdiyini, yeni ixtisaslara, təhsil proqramlarının və hazırlıq üsullarının təkmilləşdirilməsinə ehtiyac yarandığını hər zaman nəzərə alır. Eyni zamanda Təhsil Nazirliyinin, respublika və beynəlxalq aviasiya hakimiyyətləri orqanlarının, aerokosmik sahə üçün mütəxəssis hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirən təşkilatların tələblərinə dəqiq riayət etmək lazım idi. Bu baxımdan akademiyanın “AZAL” QSC-nin struktur bölməsi olması, mülki və dövlət aviasiyası subyektləri, aerokosmik və digər sahələr, energetika və nəqliyyat sektoru ilə qarşılıqlı sıx əlaqədə fəaliyyət göstərməsi olduqca mühüm rol oynayırdı.
Kosmik Məsələlər üzrə Şuranın sədri, akademiyanın rektoru Akademik Arif Paşayevin rəhbərliyi ilə 2012-ci ildə kosmik sahə üçün mütəxəssis hazırlığına başlanıldı. Bu addım Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının müvafiq müddəalarının həyata keçirilməsi ilə, eləcə də aerokosmik sahənin inkişafına və bu sahə üçün mütəxəssis hazırlığına təkan verən süni peyklərin orbitə buraxılmasına hazırlıqla əlaqədar atılmışdı. Həmin illərdə Nəqliyyat Nazirliyi ilə razılaşmaya əsasən, akademiyada digər nəqliyyat növləri üçün mütəxəssislərin – elektroenergetika, proseslərin avtomatlaşdırılması, logistika üzrə mühəndislərin, nəqliyyat sistemi üçün menecerlərin hazırlığına başlanıldı.
Ali təhsillə yanaşı, akademiyada orta və kiçik kateqoriyalı aviasiya mütəxəssislərinin də hazırlığı həyata keçirilir. Bunlara kommersiya və hava xətləri pilotları, havada hərəkətin idarə edilməsi və uçuşların təmini üzrə işçi heyət, beynəlxalq hava xətləri üçün təyyarə bələdçiləri, bort texniklər, operatorlar və mexaniklər, naviqatorlar və radistlər, hava gəmilərinə və yerüstü avadanlığa xidmət göstərən texniklər, meteoroloqlar, aerodrom xidməti, aviasiya təhlükəsizliyi, qəza-xilasetmə və axtarış xidməti, aviadaşımaların təşkili xidmətinin işçi heyəti və s. daxildir.
Bu məqsədlə 2005-ci ildə akademiyada Aviasiya Personalının Hazırlığı Mərkəzi yaradılmış, 2010-cu ildə trenajor kompleksini, təcrübi və nəzəri hazırlıq bölmələrini özündə birləşdirən Pilotların Hazırlığı Mərkəzi, 2013-cü ildə səlahiyyətli IATA institutu, 2019-cu ildə isə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən sertifikatlaşdırılmış Texniki Xidmət Məktəbi təsis olunmuşdur. Beləliklə, akademiyanın timsalında respublikanın mülki aviasiya sahəsi üçün peşəkar kadrlar hazırlayan milli sistem fəaliyyət göstərir. Təhsilin bu istiqamətinin yaranması və təşəkkülü Azərbaycanın aviasiya və kosmik sahələrinin tarixi, ənənələri və strategiyası ilə ayrılmaz şəkildə bağlıdır.
Bu gün akademiyanın təhsil strukturuna 6 fakültə, 23 kafedra, Pilotların Hazırlığı Mərkəzi, IATA İnstitutu, Texniki Xidmət Məktəbi, İnformasiya Texnologiyaları Mərkəzi daxildir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ilə birlikdə Akademiyada Aerokosmik monitorinq mərkəzi yaradılır, kiçik peyklərin işlənib hazırlanması mərkəzinin təsis olunması nəzərdə tutulmuşdur.
1999-cu ildən akademiya Dövlətlərarası Aviasiya Komitəsi (DAK) tərəfindən sertifikatlaşdırılaraq, təşkilata üzv olan ölkələrdə tanınır. 2002-ci ildə akademiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının – ICAO-nun reyestrinə daxil edilir.
2003-cü ildə akademiya “Aviasiya və raket-kosmik texnikasının sınaqları və istismarı” və “Aeronaviqasiya” sahələrində ali təhsil müəssisələrinin Tədris-metodiki birliyinin assosiativ üzvlüyünə qəbul olunmuş, 2004-cü ildə Aviasiya Təlim Mərkəzləri Assosiasiyasına, 2016-cı ildə “Aeronaviqasiya və aviasiya və raket-kosmik texnikasının istismarı” istiqaməti üzrə Federal tədris-metodiki birliyin tərkibinə daxil edilmişdir. 2012-ci ildə MAA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) səlahiyyətli tədris mərkəzi statusunu almışdır.
Tədris prosesi akademiyanın kafedra və mərkəzlərinin laboratoriya-təcrübə və elmi-tədqiqat bazasında, aviaşirkətlərin və aviasiya müəssisələrinin struktur bölmələrində, eləcə də müxtəlif nazirlik, idarə, agentlik və müəssisələrdə keçirilir.
Kadrların hazırlanmasında “Azərbaycan Hava Yolları” QSC-nin, “Silk Way” Şirkətlər Qrupunun (SW Group), “ASG Helicopter Services” şirkətləri, “Azərkosmos” Kosmik Agentliyinin rəhbərləri və aparıcı mütəxəssisləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyinin və aparıcı ali təhsil müəssisələrinin alimləri iştirak edirlər.
Akademiyanın uğurları onun infrastrukturunun və maddi-texniki bazasının inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. MAA-nın infrastrukturuna 5 tədris-laboratoriya korpusu, Pilotların Hazırlığı Mərkəzinin trenajor kompleksi, Elm-istehsalat Birliyi, Tələbə şəhərciyi, Tələbə Tədris Mərkəzi, Uçuş aparatlarının hazırlanması laboratoriyası, Tələbə Yaradıcılıq Evi, Heydər Əliyev Muzeyi, Aviasiya tarixi muzeyi, İdman kompleksi, “Fitnes” mərkəzi, hotel “Akademiya”, parklar, kitabxanalar, iaşə və istirahət obyektləri, mağazalar və s. daxildir. Tələbə şəhərciyində hotel tipli dörd yataqxana, qaçış zolaqları ilə təmin edilmiş və 1600 tamaşaçı yerinə malik stadion, tennis kortları, mini-futbol, voleybol, basketbol idman meydançaları, həmçinin tələbələrin rahatlığı üçün zəruri köməkçi strukturlar daxildir.
Akademik idman kompleksində müxtəlif idman bölmələri fəaliyyət göstərir, respublika və beynəlxalq səviyyədə yarışlar keçirilir. Burada beynəlxalq standartlara cavab verən açıq meydançalar, oyun növləri üçün universal zal, idman trenajorları, qapalı üzgüçülük hovuzu fəaliyyət göstərir.
Tələbə yaradıcılıq evi hava gəmilərinin texniki istismarı, CAD/CAE/CAM texnologiyalarından istifadə etməklə pilotsuz uçuş aparatlarının və kiçik mühərriklərin işlənib-hazırlanması, həmçinin elektroenergetika, elektronika, radiotexnika, cihazqayırma üzrə aviasiya mütəxəssislərinin yetişdirilməsi üçün mühüm rol oynayan müasir avadanlıqla təchiz edilmişdir. Uçuş aparatlarının hazırlanması laboratoriyasında 2011-ci ildən etibarən tələbələr tərəfindən üç yüzə yaxın müxtəlif pilotaj modelləri yaradılmışdır.
Tədris prosesi təyyarə və helikopterlərin konstruksiyası və sistemləri, aviasiya mühərrikləri, güc qurğuları, havada hərəkətin idarə olunması, avionika, radiotexnika, avtomatika, meteorologiya, aviasiya təhlükəsizliyi, ekologiya, habelə fizika, kimya, mexanika, elektrotexnika və elektronika, materialşünaslıq, informasiya texnologiyaları üzrə müasir xüsusi auditoriyalarda və laboratoriyalarda keçirilir. Burada dispetçer trenajorları, avtomatlaşdırılmış HHİ sisteminin laboratoriyası, meteoroloji stansiya, “DFS-e-learning” distant təhsil auditoriyası qurulmuş, aviasiya texnikasının diaqnostikası, aviasiyada insan amili, aerokosmik monitorinq, radioelektronika, nanotexnologiyalar və nanokompozitlər üzrə problem laboratoriyalar fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində zəruri avadanlıq və təlim vasitələri ilə təchiz edilmiş aviasiya təhlükəsizliyi üzrə praktiki məşğələlərin keçirilməsi üçün xüsusi auditoriyalar yaradılmışdır.
Hazırlıq proqramlarına uyğun olaraq əyani vəsaitlər, elektrikləşdirilmiş stendlər, müasir təlim texnikası, audio/video materiallar və tədrisedici proqramlarla təchiz olunmuş Boeing B757, Airbus A320, ATR 72, İL-76, Cessna 172S təyyarələri və onların mühərrikləri üzrə xüsusi siniflər, Mi-171 (Mi-8MTV) helikopterinin tədris kompleksi fəaliyyət göstərir.
2010-cu ildə akademiyanın bazasında yaradılan Pilotların Hazırlığı Mərkəzi Airbus A319/320, Boeing B757/767, Embraer E190, ATR42/72, İL-76TD təyyarələrinin, həmçinin Mi-171 (Mi-8 MTV) helikopterinin müasir trenajorları ilə təchiz edilmişdir. Pilotların Hazırlığı Mərkəzi Şərqi Avropada və MDB məkanında ən böyük mərkəzlərdən biri olaraq, pilot-müdavimlərin məqsədyönlü, fasiləsiz hazırlığına və uçuş heyəti üzvlərinin istehsalatdan ayrılmadan ixtisaslarının artırılmasına xidmət edir. Bu illər ərzində 35 respublika və xarici aviaşirkətin 7000-ə yaxın pilotu akademiyanın Pilotların Hazırlığı Mərkəzinin trenajor qurğularında təlim keçərək, ümumilikdə 90000 saata yaxın uçuş yerinə yetiriblər. Onlardan 2000 pilot “AZAL” QSC, “SW Group”, “ASG Helicopter Services” şirkətləri, dövlət aviadaşıyıcıları, nazirlik və qurumların nümayəndələridir.
Hər il Pilotların Hazırlığı Mərkəzində orta hesabla 4000-dən 6500-dək dinləyicinin iştirakı ilə 120-130 istiqamət üzrə 300-dən 750-dək nəzəri və praktik peşəkar hazırlıq kursları keçirilir. 2005-2021-ci illər ərzində akademiyada təşkil edilmiş 7000-ə yaxın müxtəlif təyinatlı hazırlıq kurslarında 62000 nəfərdən çox dinləyici təlim keçmişdir. Avtorizə olunmuş IATA İnstitutunda 310 kursda bir sıra təşkilatların təqribən 2400 nümayəndəsi beynəlxalq sertifikatlar almışdır.
Tədris prosesi 430 nəfərdən artıq professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Elmi-pedaqoji fəaliyyətdə Azərbaycan Milli Elmlər Akademiyasının 5 akademiki və müxbir üzvü, 40-dan çox elmlər doktoru və 110 fəlsəfə doktoru iştirak edir. Onların sırasında ölkənin dörd əməkdar elm xadimi, dörd əməkdar pilot, altı əməkdar müəllim, həmçinin əməkdar mühəndislər, ali məktəb və mədəniyyət işçiləri vardır. MAA-nın altı əməkdaşı “Şərəf”, “Şöhrət” və “Xalqlar dostluğu” ordenləri, səkkiz əməkdaşı “Tərəqqi” və “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş, bir əməkdaş Heydər Əliyev mükafatına layiq görülmüşdür.
Akademiyada 150-dən artıq məzun çalışır ki, onlardan da 60 nəfəri pedaqoji və təlimatçı fəaliyyətinə cəlb olunaraq MAA-nın kafedra və struktur bölmələrinə rəhbərlik edirlər. Pilotların Hazırlığı Mərkəzinin mühəndis heyəti akademiyanın məzunlarından təşkil olunub.
Aviasiya, energetika və nəqliyyat sahələrində bir sıra elmi-texniki problemlərin həlli, müxtəlif müəssisə, nazirlik, idarə və təşkilatların sifarişlərinin yerinə yetirilməsi məqsədilə akademiyada Elm-İstehsalat Birliyi (EİB) yaradılmışdır. Birliyə Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ), Xüsusi Konstruktor Bürosu və Təcrübə-sınaq istehsalatı daxildir. Birlik fakültə və kafedralarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir, fundamental və tətbiqi tədqiqatlarla məşğul olur və konstruktor-texnoloji həlləri istehsalatda tətbiq edir. EİB-in akademiyanın təhsil strukturu ilə birgə fəaliyyəti müəyyən mövzular ətrafında həyata keçirilir. Əsas şifarişçilər “Azərbaycan Hava Yolları” QSC, “SW Group”, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, aparıcı şirkətlər və müəssisələrdir.
Akademik Arif Mir Cəlal oğlu Paşayevin rəhbərliyi altında bu illər ərzində MAA-da zədəsiz nəzarət metodları, radiotexnika, bərk cisim elektronikası, hava nəqliyyatının, yerüstü komplekslərin, uçuş aparatlarının və onların sistemlərinin istismarı, aerokosmik monitorinq və Yerin məsafədən zondlanması, uçuşların təhlükəsizliyi, aviasiyada insan amili, aviasiya texnikasının modelləşdirilməsi və diaqnostikası, aviasiya meteorologiyası, həmçinin lazer texnikası, enerjiyə qənaət texnologiyaları, ozonlaşdırma texnologiyası, lüminessent materiallar üzrə elmi istiqamətlərin əsası qoyulmuşdur. Aerokosmik sahədə müasir informasiya texnologiyalarının, süni intellektin tətbiqi, aviasiya texnikasının, pilotsuz uçuş aparatlarının, reaktiv mühərriklərin, kiçik peyklərin, radioelektron mübarizə vasitələrinin, habelə idarəetmə sistemlərinin, enerji mənbələrinin, robot-texniki sistemlərin işlənib hazırlanması üzrə elmi istiqamətlər yaradılır və inkişaf etdirilir.
Rektor Arif Paşayevin dəvəti ilə Milli Aviasiya Akademiyasında elmi istiqamətlərin təşəkkülü və inkişafında akademiklər Roald Saqdeyev (ABŞ), Arif Mehdiyev, Akif Hacıyev, Çingiz Qacar, Emin Şahtaxtinski, Bahadur Tağıyev, Elmlər Akademiyasının müxbir üzvləri Afiq Həsənov, Ağası Məlikov, Arif Məmmədov, İsmayıl İsmayılov, professorlar Namiq Hacıyev, Fuad Qasımov, Valeri Sultanov, Telman Nizamov, Kərim Allahverdiyev, Ramiz Sadıqov, Faiq Ələsgərov, Əhəd Canəhmədov, Milli Aviasiya Akademiyasının çoxsaylı alim və mühəndisləri iştirak etmişlər. Elmi istiqamətlərin inkişafında və müzakirəsində xarici ölkələrin alimləri Daniel Usikov və Qalina Dudnikova (ABŞ), Məsud Əfəndiyev və Anar Rüstəmov (Almaniya), Alik İsmayılzadə (Fransa), Anatoli Potapov, Nikolay Plotnikov və Yelena Nikolayeva (Rusiya), Pavel Amnuel (İsrail) və bir çoxları fəal rol oynayırlar.
Akademiyanın elmi və pedaqoji potensialı ali təhsil müəssisəsini müasir və səmərəli metodların tətbiq edildiyi elmi və texniki fikir mərkəzinə çevirmişdir. Təlimlər real vəziyyətə maksimal yaxın şəraitdə keçirilir. Elmin, təcrübənin və təhsilin vəhdəti MAA-da kadr hazırlığının fəlsəfəsini təşkil edir. Gənclərin elmi potensialının yüksəldilməsinə xüsusi diqqət yetirilir. Elmi-pedaqoji kadrların hazırlığı üçün Magistratura və doktorantura şöbəsi fəaliyyət göstərir. Dörd texniki və üç hüquq elmi ixtisasları üzrə doktorluq dissertasiyalarının müdafiəsi üçün şuralar fəaliyyət göstərir. Bu şuralarda 1996-cı ildən etibarən 150-yə yaxın elmi iş müdafiə edilmişdir. MAA-nın əməkdaşları tərəfindən 24-dən artıq doktorluq və 70 namizədlik dissertasiyası müdafiə olunmuş, 2500-ü xaricdə olmaqla, 7000-ə yaxın elmi məqalə və tezis çap edilmiş, 130-dan artıq monoqrafiya, xüsusi fənlər üzrə 150 dərslik, 370 tədris və 400 metodiki vəsait hazırlanmış, 35-i xarici olmaqla, 200-ə yaxın ixtira patenti alınmışdır.
Hər il MAA-da aviakosmik sahənin aktual məsələləri üzrə elmi konfrans və seminarlar keçirilir, akademiyanın alim və mühəndisləri, müəllimləri, tələbə və doktorantları müxtəlif respublika və beynəlxalq qrantlarda, yarışma və layihələrdə iştirak edirlər. Məsələn, “Azərkosmos” Kosmik Agentliyinin mütəxəssisləri tərəfindən aerokosmik ixtisasların tələbələri üçün orbital mexanika, uçuş dinamikası, peyklər və onlar üzərində əməliyyatlar, yerüstü stansiyalar, məsafədən müşahidə sensorları, kosmik təsvirlərin emalı və s. üzrə 20-yə yaxın xüsusi seminar keçirilib. Aerokosmik monitorinq, ekoloji sistemlər, təhsil proqramlarının keyfiyyətinin yaxşılaşdırılması, onların Avropa standartlarına uyğunlaşdırılması üzrə bir sıra layihələr, o cümlədən Avropa İttifaqının TEMPUS SESREMO, ERASMUS+ layihələri uğurla həyata keçirilmişdir. Layihələr çərçivəsində tələbə və müəllimlər mütəmadi olaraq Avropa universitetlərində təşkil edilən yay məktəblərində iştirak etmişlər. 2016-cı və 2017-ci illərdə MAA-nın tələbələri Texas ştatında (ABŞ) keçirilən “CanSat” layihəsinin final mərhələsində iştirak edərək, mükafat yerləri tutmuşlar. 2018-ci ildən etibarən bu yarışma “Azərkosmos” Kosmik Agentliyinin təşkilatçılığı, Rusiya və Amerika mütəxəssislərinin dəstəyi ilə Azərbaycanda da keçirilir. MAA tələbələrinin bu il Bakıda keçiriləcək “Texnofest-2022” sərgisində iştirakı da nəzərdə tutulmuşdur.
1999-cu ildən etibarən MAA-nın “Elmi əsərlər” və “Elmi məcmuələr”, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalları çap olunur, 2012-ci ildən elmi-populyar “Sky” (Səma) jurnalı nəşr edilir.
1999-cu ildən etibarən hər il akademiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunan “Azərbaycanda nəqliyyatın inkişafı problemləri” mövzusunda tələbələrin respublika elmi-texniki konfransı keçirilir. Burada ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, nazirliklərdən, idarələrdən və aparıcı şirkətlərdən yüzlərlə gənc tədqiqatçı iştirak edir. 2016-cı ildən etibarən MAA-da Gənclər Gününə və Azərbaycanda ilk telekommunikasiya peykinin orbitə çıxarılmasına həsr olunan “Fevral məruzələri: Aviakosmik problemlərin həllində gənclərin yaradıcılıq potensialı” adlı illik beynəlxalq elmi-praktiki konfrans keçirilir. Konfransda, orta hesabla, 40-a yaxın aparıcı aerokosmik təhsil və elmi müəssisənin, habelə respublikanın və xarici dövlətlərin sahə nazirliklərinin, idarələrinin, aparıcı şirkətlərinin 150-dən çox nümayəndəsi iştirak edir. Konfrans çərçivəsində gənc tədqiqatçıların ən aktual elmi nəticələrinin müzakirə olunduğu plenar və bölmə iclasları, seminarlar və “dəyirmi masa”lar təşkil olunur.
MAA-nın beynəlxalq əlaqələri akademiyanın bütün fəaliyyət istiqamətləri üzrə inkişaf edir. Bu əlaqələrin əsasını xarici aerokosmik, mühəndis və humanitar ali təhsil müəssisələri, həmçinin elmi mərkəzlər və təlim təşkilatları ilə əməkdaşlıq təşkil edir. Akademiyanın Rusiya, Ukrayna, Türkiyə, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Almaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə ənənəvi elmi-praktiki əlaqələri mövcuddur. Bu müəssisələr M.V.Lomonosov adına MDU, Moskva Dövlət Mülki Aviasiya Texniki Universiteti, Sankt-Peterburq Mülki Aviasiya Akademiyası, N.E.Bauman adına MDTU, Rusiya Nəqliyyat Universiteti “MİİT”, Milli Nüvə Tədqiqatları Universiteti “MİFİ”, Akademik S.P.Korolyov adına Samara Milli Tədqiqat Universiteti, Cənub Federal Universitetinin Taqanroq Texnologiya İnstitutu, Ukrayna Milli Aviasiya Universiteti, N.Y.Jukovski adına Milli Aerokosmik Universitet – “XAİ”, Olesya Qonçar adına Dnepropetrovsk Milli Universiteti, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyası, Belarus Dövlət Aviasiya Akademiyası, Gürcüstan Aviasiya Universiteti, Qazaxıstan Mülki Aviasiya Akademiyası, Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti, Latviyanın Nəqliyyat və Rabitə İnstitutu, BAA Training Litva, Almaniyanın DFS Akademiyası, Berlin Texniki Universiteti, İstanbul Texniki Universiteti, İzmir Yüksək Texnologiyalar İnstitutu, Anadolu Texniki Universiteti (Mülki aviasiya ali məktəbi) və digərləridir. Akademiyanın bir çox məzunları təhsillərini Rusiyanın, Türkiyənin, Ukraynanın, Baltikyanı ölkələrin, Avropa, ABŞ, Kanada, Çin, Koreya, Hindistan və digər dövlətlərin ali məktəblərində uğurla davam etdirirlər.
Akademiya Dövlətlərarası Aviasiya Komitəsi (DAK) ilə sıx əməkdaşlıq edir, akademiyanın əməkdaşları meteorologiya, aviasiya tibbi, aviasiya təhlükəsizliyi üzrə koordinasiya şuralarının işində fəal iştirak edirlər. Bununla yanaşı, akademiyanın struktur bölmələrinin, ayrı-ayrı ixtisasların və hazırlıq növlərinin sertifikatlaşdırılması üzrə beynəlxalq təşkilatlarla da fasiləsiz iş aparılır. Dövlət Mülki Aviasiya Agentliyi ilə yanaşı, akademiyanın bütün ixtisasları və hazırlıq proqramları, eləcə də bütün təhsil prosesi mütəmadi olaraq DAK tərəfindən sertifikatlaşdırılır. Pilotların Hazırlığı Mərkəzinin Airbus A319/320, Boeing 757/767, Embraer E190, ATR 42/72 təyyarələrinin trenajorları eyni zamanda hər il Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyi (EASA), səlahiyyətli IATA İnstitutu isə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən sertifikasiyadan keçir.
Müəllimlərin, təlimatçıların və mühəndislərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirilir. “Azərbaycan Hava Yolları” QSC, “SW Group” müəssisələri, “Boeing”, “Airbus”, “Embraer” və “ATR” aviaşirkətləri, “L3Harris”, “FlightSafety International” şirkətləri ilə yanaşı, ixtisasartırma Rusiya, Ukrayna, Litva, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İsveçrə, Niderland, Lüksemburq, Finlandiya və digər ölkələrin hazırlıq mərkəzlərində həyata keçirilir.
Çoxprofilli təhsil ali məktəbə respublikada və beynəlxalq məkanda yüksək qiymət verilməsini təmin etmişdir. Azərbaycan mülki aviasiyasının uçuş heyətinin, mühəndis-texniki və digər mütəxəssislərinin 90 faizdən çoxu MAA-nın məzunlarıdır. Akademiyanın məzunları təkcə Azərbaycanın mülki aviasiya sistemində deyil, ölkə iqtisadiyyatının digər sahələrində, xarici aviaşirkətlərdə və aviasiya müəssisələrində fəaliyyət göstərərək kifayət qədər yüksək hazırlıq səviyyəsi nümayiş etdirirlər. Aviasiya akademiyası təhsil səviyyəsi, tələbə və məzunların uğurları, elmi və praktiki nəticələri ilə haqlı olaraq fəxr edir.
Azərbaycanın Milli Aviasiya Akademiyası rektor, Akademik Arif Mir Cəlal oğlu Paşayevin yaratdığı təhsil, elm, istehsalat və təcrübənin qarşılıqlı səmərəli əlaqəsinin parlaq nümunəsidir.