Home Cəmiyyət Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Azərbaycan xalqının...

Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir

236
0
SHARE

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Cənubi Qafqaz regionunda ən böyük təşkilat kimi çoxşaxəli, xoşməramlı, qurucu fəaliyyətini uğurla davam etdirir. Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli fəaliyyəti, müxtəlif sahələri əhatə edən layihələrin reallaşdırılması, heç şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar nöqteyi-nəzərdən böyük önəm daşıyır. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin inkişafına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, erməni yalanlarının ifşasına, milli maraqların dünya arenasında qorunmasına öz töhfəsini verir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Cənubi Qafqazın ən böyük xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən layihələr, həmçinin xalqımızın mənəvi dəyərlərinin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərlik ruhunda yetişməsi baxımından çox mühüm əhəmiyyətə malikdir: “Bununla yanaşı, Fondun multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiq hal kimi ölkəmizdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Çox mühüm məqamlardan biri işğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu tərəfindən quruculuq işlərinin görülməsi, tarixi, dini və mədəni abidələrin bərpasıdır. Prezident İlham Əliyev fevralın 13-də Ağdama səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə tarixi, dini-mədəni irsin və abidələrin bərpasından bəhs etdi. Artıq mart ayından başlayaraq məsciddə təmir-bərpa işlərinə start veriləcək. cənab Prezident vurğuladı ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Fondun rəhbəri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir”.

F.Yıldırımın sözlərinə görə, görülən işlər xüsusilə tarixi irsin qorunması, milli mədəni-mənəvi dəyərlərin bərpası, Böyük Qayıdış prosesinin və məskunlaşmanın təmin olunması baxımından çox önəmlidir: “İşğaldan azad edilmiş ərazilərdə başlanılan işlərə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də dəvət olunması, bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislərin iştirakı qarşıya qoyulan hədəflərin zamanında və yüksək səviyyədə reallaşmasına imkan verir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi isə Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir.  Bunlarla yanaşı, Fond tərəfindən bəhs olunan ərazilərdə tarixi və mədəni abidələrin bərpası milli mədəniyyətimizin qorunması, dəyərlərimizin, ənənələrimizin yeni və gələcək nəsillərə çatdırılması üçün böyük önəmə malikdir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, Molla Pənah Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən ucaldılması və digər faktlar bu baxımdan xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Eyni zamanda, Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir – bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal və mühüm rol oynaması isə xüsusi qeyd edilməlidir”.

Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir: “Mehriban xanımın bilavasitə təşəbbüsü ilə Fond tərəfindən Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası ilə bağlı görülən işlər də bu reallığı təsdiqləyir. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu tədbirlər – görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalararası dialoqun inkişafına töhfəsi kimi də dəyərləndirilir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına, müsbət beynəlxalq imicinin güclənməsinə, xalqlararası əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. Bu, həmçinin Azərbaycan reallıqlarının təbliği olmaqla yanaşı, xalqımıza, dövlətimizə qarşı qara piar kampaniyasının iflasa uğradılması baxımından da vacibdir”.