Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə YAP Xətai rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
YAP Xətai rayon təşkilatında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə tədbir iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan şagirdlərin faciəyə həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 30-cu ildönümünü ürək ağrısı ilə qeyd edirik: “Xocalı faciəsi xalqımıza qarşı törədilmiş amansız soyqırımı aktı idi. Vandal ermənilər tərəfindən Xocalıda azərbaycanlılar görünməmiş vəhşiliklə qətliama məruz qaldılar”.
V.Rəhimzadə qeyd edib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdən ermənilərin ötən əsrdə törətdikləri qırğınların hər biri təkcə xalqımız deyil, bütövlükdə bəşər tarixi üçün böyük faciədir: “Onların arasında isə Xocalı soyqırımı ağlasığmaz dəhşətləri ilə fərqlənir. Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində xalqımız misli-bərabəri olmayan faciələrlə üz-üzə qaldı. Tarixi torpaqlarımızın işğalı zamanı 20 min soydaşımızın həyatına son qoyuldu. Bir milyondan çox soydaşımız öz yurd-yuvalarından didərgin düşdü. Onların hüquqları kütləvi şəkildə, kobudcasına pozuldu”.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Xocalı faciəsi 1992-ci ildə törədilsə də, təəssüflər olsun ki, istər o dövrdə iqtidarda olanlar, istərsə də ondan sonra hakimiyyəti zəbt etmiş bədnam AXC-Müsavat cütlüyü bu qanlı hadisəyə siyasi və hüquqi qiymət vermək üçün özlərində cəsarət tapa bilmədilər. Bu ağlasığmaz soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Müxtar Respublikası Ali Məclisinin Sədri olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə verildi.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi: “Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində artıq bir çox dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyır və ildən-ilə bu ölkələrin sayı artmaqdadır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyası bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırda 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir”.
Vüqar Rəhimzadə xatırladıb ki, yanvarın 28-də Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncam imzalayıb: “Sənəddə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etmək tapşırılıb. Fevralın 26-da hər il olduğu kimi, faciənin ildönümü ilə əlaqədar izdihamlı yürüş təşkil olunacaq.
Ümumiyyətlə faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə keçirilən yürüşlər soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyır”.
YAP Xətai rayon təşkilatının sədri Xocalı faciəsini əks etdirən kompozisiyanın hazırlanmasına görə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirib: “Azərbaycanın zəngin tarixinin öyrənilməsi, nəsildən-nəslə ötürülməsi, faciələrimizin unudulmaması üçün belə tədbirlərin keçirilməsi çox vacibdir”.
Daha sonra şagirdlərin iştirakı ilə “Bir gecənin fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.