Xətai Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib
Azərbaycan və bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamına uyğun olaraq hazırlanan Tədbirlər Planı çərçivəsində faciənin əsl mahiyyətinin, günahkarlarının bir daha dünyaya çatdırılması məqsədilə paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir, erməni vəhşilkləri faktlar əsasında qeyd edilir və bir daha dünyadan faciəyə hüquqi qiymətin verilməsi üçün ədalət tələb olunur.
Fevralın 25-də Xətai Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan Xocalıdan olan şəhid ailələri ilə keçirilən görüş də bu tərkibdəndir.
Öncə Xocalı faciəsində, həmçinin torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutlar yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri soyqırımı aktının nəticələrini statistik rəqəmlər əsasında qeyd edək. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı 30 ildir dünyadan ədalət, faciəni törədənlərin layiqli cəzalandırılmasını gözləyir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Rafiq Quluyev vurğulayıb ki, Xocalı soyqırımı qan yaddaşımızdır. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Ən əsası sübut etdik ki, bir qarış torpağımızı belə düşmənə vermərik.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır: “Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Günahkarlar məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını almalıdırlar.”
Vüqar Rəhimzadə Azərbaycan dövlətinin Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərdən geniş bəhs edib: “Soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Müxtar Respublikası Ali Məclisinin Sədri olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra verilib. Belə ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. Son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Ölkə Prezidentinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da qeyd olunur ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq.”
YAP Xətai rayon təşkilatının sədri Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun gördüyü işlərin də miqyasının geniş olduğunu bildirib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın, vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tədbirlər davamlılığı ilə diqqət çəkir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Dövlət səviyyəsində görülən işlər nəticəsində Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.”
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı alındı, onların narahat ruhları rahatlıq tapdı.
Çıxışlarda o da vurğlanıb ki, Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17.00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan “Ana harayı” abidəsi önündə anım mərasimində iştirak edir.
Tədbirdə çıxış edən Xocalıdan olan şəhid ailələrinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildirib və bu əminliyi ifadə ediblər ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi düşmən işğalından azad edib, ərazi bütövlüyümüz bərpa olunub və yaxın zamanlarda biz xocalılılar doğma yurd-yuvamıza qayıdacağıq.