Home Biznes və iqtisadiyyat xəbərləri Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın milli maraqlarını tam əks etdirir

Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın milli maraqlarını tam əks etdirir

264
0
SHARE

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə Azərbaycan ilə Rusiya arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sənəd Azərbaycanı daha da gücləndirir. Şuşa Bəyannaməsindən sonra Moskva Bəyannaməsinin imzalanması Azərbaycanın milli maraqlarını tam əks etdirir.

Bu fikirləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat vurğulayıb ki, hər iki sənəd strateji xarakter daşıyır, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Sənəd əsasında tərəflərin üzərinə götürdüyü əsas öhdəliklər arasında separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq kimi məsələlər var. Tərəflər arasında bərabərhüquqlu münasibətlər məhz bu müqavilə əsasında ən yüksək səviyyədə tənzimlənəcək.

K.Nurullayevanın sözlərinə görə, regionun əsas aktorları Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi güc və məharətli diplomatiya tələb edir. Moskva Bəyannaməsi isə birmənalı şəkildə regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Çünki Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir planlaşdırılırdı. Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Prezident İlham Əliyev Yeni il təbriki ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.

Bu mənada, bəzi siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddiaları tam əsassızdır. Belə iddialar sənəd ətrafında qərəzli rəy forlmalaşdırmaq cəhdidir”.

“Ən önəmli məqam isə odur ki, yüksək səviyyəyə qalxan Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbədir. İlk növbədə, ona görə ki, Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Rusiya ilə ölkəmizin yüksəksəviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri və əsas ticarət tərəfdaşlarındandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası var, 245 sənəd imzalanıb. Onların arasında müttəfiqlik haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir”, – deyə K.Nurullayeva qeyd edib.

Bu sənədlə rəsmi Bakı və Moskva arasında münasibətlərin keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayan deputat deyib: “Rusiya Prezidenti Vladimir Putin isə ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığının nəzərəçarpacaq dərəcədə möhkəmləndiyini və genişləndiyini diqqətə çatdırdı. Rusiya rəhbərliyi də hesab edir ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək üçün imkanlar mövcuddur”.

Azərbaycanın digər tərəfdaşlarla da münasibətlərini inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirən K.Nurullayeva bu gün rəsmi Bakının qonşu Gürcüstan və İranla əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin də yüksələn xətlə inkişaf etdiyini vurğulayan deputat bu ilin martında Bakıda Azərbaycanla Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqunun keçiriləcəyini qeyd edərək deyib: “Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir”.

Fikirlərini yekunlaşdıran K.Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycanın çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.