Rusiya-Ukrayna münaqişəsində şəhərlərin, kəndlərin bombalanması, dinc insanların qətlə yetirilməsi, Rusiyanı məhv etmək istəyənlərin Ukraynanı savaş meydanına çevirməsi, Ukraynanın da artıq dünyada qaçqın ölkəsi kimi tanınması Azərbaycan xalqı üçün ciddi şəkildə düşünməyə əsaslar yaradır. Çünki bu gün Ukraynanın keçdiyi yolu Azərbaycan 28-29 il öncə keçib.
Təcavüz edən tərəf təxminən eyni idi, şəhərlərimiz, kəndlərimiz bombalanır, insanlarımız qətlə yetirilir, hətta soyqırımına məruz qalırdı. Münaqişə nəticəsində 20 faiz torpaqlarımız işğal altına düşmüşdü, 1 milyondan artıq soydaşımız isə qaçqın və məcburi köçkün olmuşdu. Azərbaycan təxminən 30 il sonra bu reallığı dəyişdi, qalib dövlət statusunu qazandı, indi də viran qoyulmuş şəhər və rayonları bərpa etməklə məşğuldur.
Bəs, Ukrayna üçün neçə il lazım olacaq? Xüsusilə də, müharibənin nə zaman bitəcəyini, dağıntının miqyasının nə qədər olacağını, qaçqınların sayının hansı həddə qədər yüksələcəyini heç kimin bilmədiyi bir halda…
Sosial şəbəkələrdə, mediada bəh-bəhlə tirajlanır ki, Ukraynaya ABŞ 50 milyon, Aİ 680 milyon, İsveç 45 milyon yardım ayırdı. Amma bir nəfər də olsun demir ki, bütün bu pullar Ukraynaya neçə faizlə, hansı şərtlərlə və ilə qədər verilir? Heç düşünürsünüzmü ki, bu cür yardımlarla Ukrayna faktiki olaraq gələcək 20-30 ilini yardım verənlərin vassallığında keçirəcək? Axı, ABŞ, Aİ, yaxud İsveç öz vergi ödəyicilərinin pulunu niyə Ukraynaya qarşılıqsız versin ki? Yadınıza, II Dünya Müharibəsindən sonrakı Marşall planını salmaq istəyirəm. Heç sual etmisinizmi ki, ötən 75 il ərzində nə üçün Avropa ölkələri ABŞ-ın əlaltıları kimi davranırlar?
Və ya xəbərlər gəlir ki, müxtəlif ölkələrdən Ukraynaya muzdlu döyüşçülər, silahlar göndərilir. Bir daha sual edirəm ki, bunun Ukraynada sabitliyin yaradılmasına təsiri olacaqmı, yoxsa dağıntıların miqyası, ölümlərin sayı artacaq? Başa düşmək lazımdır ki, savaş meydanı Ukraynadır. Dağılan Ukrayna şəhərləridir. Öldürülən ukraynalılardır. ABŞ-ın, Avropa ölkələrinin sayəsində bu gün bəşəriyyət III Dünya Müharibəsinin dəhşətlərini Ukraynada izləyir. İndi mənə deyin, kimdir Ukraynanın dostu, kimdir düşməni?
Rusiya-Ukrayna münaqişəsi ətraflı şəkildə bizlərə izah edir ki, müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət lazımdır. Xüsusilə də, qlobal və geosiyasi reallıqlar nəzərə alınmalıdır ki, ölkə savaş meydanına çevrilməsin. Axı, niyə kiçik milli dövlətlər super güclərin döyüş meydadına çevrilməlidir?
Məhz, birmənalı olaraq bu gün Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir. Hazırda Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi və biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə müstəqilliyimizi, dövlətçiliyimizi belə itirə bilərdik. Amma Prezident İlham Əliyev bütün regional aktorlarla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də mümkün geosiyasi kataklizmlərdən sığortaladı. Xalqın firavan, rifah içərisində yaşamını sürdürməsinə real şərait yaratdı.
Vətən müharibəsi zamanı və ondan sonrakı müddətdə bir qrup marginal, qaragüruh var idi ki, hakimiyyəti ittiham edir, “Xankəndiyə niyə girmədik” deyirdilər. İndi həmin radikallar, qaragüruhlar Avropanın ən böyük ölkələrindən olan Ukraynanın dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarırlarmı? Hələ də eyni sualı vermək haqqında düşünürlərmi?
Bir məqamı da nəzərə almaq lazımdır. Azərbaycan 44 günlük Vətən müharibəsində meydanda tək savaşırdı, yanında isə yalnız qardaş Türkiyə var idi. Bu gün Ukraynaya yardım ayıran ABŞ, Fransa, silah göndərən Niderland, Almaniya, İsveç, İspaniya, Belçika, Ukrayna şəhərlərini darmadağın edən Rusiya belə Ermənistanın yanında idi. İşğalçını silahlandırır, maliyyələşdirir, müdafiə edirdilər. İndi deyin, Ukraynanın da vəziyyəti Azərbaycan kimi olsaydı, hadisələr necə cərəyan edərdi? Sual edirəm ki, Ukraynaya təcavüz edən Rusiyaya sanksiyalar tətbiq edən Qərb niyə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı cəzalandırmadı, embarqo tətbiq etmədi? Halbuki, Azərbaycanın əlində BMT TŞ-nin 4 qətnaməsi var idi. Bəli, məhz həmin qaragüruhlar qanmalıdırlar ki, Azərbaycan 10 noyabr sənədinə imza atmasa, Xankəndiyə ordu yeritsə idi, bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi.
Bütün bunlar sübut edir ki, bu gün Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb və əminliklə demək olar ki, postsovet məkanında ikinci belə ölkə yoxdur. Azərbaycan bir daha qərarları ilə isbatlayır ki, onu heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Çünki, bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir, istənilən qərar milli maraqlara əsaslanır. Xüsusilə də, Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır.
Bir sözlə, hər birimiz real mənzərəni görək, aydın düşünək, düzgün təhlil edək və Azərbaycanımızı qorumaq üçün əlimizdən gələni edək. Bu gün hər birimizin qorumalı olduğu yalnız bir sərvət var: o da Azərbaycan dövlətidir, onun sabitliyidir…
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatının sədri