Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar gözlənildiyindən daha sərt oldu. 2014-cü ildə Ukrayna məsələsində Rusiya ilə Qərb arasında münasibətlər gərginləşən zaman sanksiyalar bu qədər sərt deyildi.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, sanksiyaların, eyni zamanda, genişlənməsi müşahidə edilir ki, bu da Rusiya iqtisadiyyatı üçün arzuolunan deyil.
“Artıq sankiyalar öz təsirini göstərir. Rusiya rubulunun dollar qarşısında məzənnəsi xeyli dəyər itirib. Sanksiyalar tətbiq olunduqdan sonra Moskva birjası dörd gün fəaliyyətə başlaya bilmədi. Xüsusilə, Rusiyanın aparıcı banklarının SWIFT-dən uzaqlaşdırılması Rusiya şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına gətirib çıxarıb. Eləcə də Qərb bir sıra rus oliqarxların, iş adamlarının xaricdəki əmlaklarının istifadəsinə qadağa qoydu və bu da rusiyalı iş adamları üçün ciddi maliyyə itkisi düməkdir”, – deyə V.Bayramov qeyd edib.
Deputat əlavə edib ki, Qərb praktik olaraq sanksiyalar tətbiq etməklə, çox fərqli vasitələrdən yararlanaraq Rusiya iqtisadiyyatını zəiflətməyə çalışır.
“Təsirlər var və gözlənilir ki, bu təsirlər növbəti mərhələdə də davam edəcək. Sanksiyalar Rusiyanın aparıcı şirkətlərinin maliyyə vəziyyətinə ciddi təsir edəcək. Rusiya da alternativ variantlardan istifadə etməyə çalışır. Belə ki, Rusiyada dolların ölkədən çıxarılmasının məhdudlaşdırılması həyata keçirildi, xarici şirkətlərin aktivləri donduruldu, Mərkəzi Bank uçot dərəcəsini 20 faizə qədər artırdı.
Nəzərə alsaq ki, sanksiyalar texnologiyalar da daxil olmaqla bir çox sahələri əhatə edir, bu baxımdan, sanksiyalar Rusiya iqtisadiyyatına təsirsiz ötüşmür. Sanksiyaların dairəsi daha da genişlənərsə, növbəti mərhələdə Rusiya iqtisadiyyatına daha ciddi təsir edə bilər”, – deyə V.Bayramov vurğulayıb.