Home Biznes və iqtisadiyyat xəbərləri İqtisadiyyatın karbonsuzlaşması litium üçün ciddi qlobal tələbata səbəb olur

İqtisadiyyatın karbonsuzlaşması litium üçün ciddi qlobal tələbata səbəb olur

236
0
SHARE

Dünyanın ən böyük iqtisadiyyatları tərəfindən idarə olunan daha dayanıqlı enerji modelinə keçid litium üçün ciddi qlobal tələbat yaratdı. Lakin onun istehsalı bazarın tələbatından geri qalır.

AZƏRTAC xəbər verir ki, mədənçıxarma sahəsinə investisiya qoyuluşunun olmaması, pandemiya səbəbindən Çində fabriklərin müvəqqəti bağlanması və elektromobillərə gözlənilməz tələbat litiumun mövcudluğuna dair şübhələri artırıb. Belə ki, metalın qiyməti son 12 ayda beş dəfə artaraq, elektrik avtomobillərində əsas enerji mənbəyi olan litium-ion akkumulyatorlar üçün onillikdə ilk artıma səbəb olub.

Nyu-York əmtəə konsaltinq şirkəti “House Mountain Partners”in qurucusu Chris Berrynin dediyinə görə, bütün dünyada hökumətləri və enerji şirkətləri iqtisadiyyatı karbonsuzlaşdırmağa ciddi yanaşırlar.

“EV-Volumes Global Electric Vehicle Sales Database”ə görə, keçən il qlobal elektromobil satışları 2020-ci ildən 108 faiz artaraq 6,75 milyon ədədlə rekord həddə çatdıqda, litium tələbatı 25 faiz artıb, qlobal litium istehsalı isə cəmi 21,2 faiz artıb.

Bütün elektromobillər üçün kifayət qədər litium varmı? Bu sual bütün bazar iştirakçıları tərəfindən verilir. Bu elementə qlobal tələb yaxın illərdə dörd dəfə artacaq. “S&P Global Market Intelligence”ə görə, tələb hazırkı 500 min tondan 2030-cu ilə qədər iki milyon tona çatacaq.

“McKinsey” konsaltinq şirkətinin proqnozlarına görə, 2030-cu ilə qədər dünya minik avtomobilləri satışlarının 75 faizi elektrik avtomobillərinin payına düşəcək. Bunu nəzərə alaraq, litium sənayesinə təzyiq artır. İlk növbədə, Avropadakı strateji layihələrin ləğvi və dünyanın ikinci ən böyük litium istehsalçısı Çilidə siyasi qərarların yaratdığı şübhələr. Avstraliya dünyanın ən böyük litium istehsalçısıdır və dünya istehsalının yarısını təşkil edir.

Analitiklər Çilinin yeni hökumətinin mədənləri milliləşdirmək və bu xammal üçün dövlət şirkəti yaratmaq niyyətlərinə şübhə ilə yanaşırlar. “Bank of America”ın ekspertlərinin fikrincə, siyasi qeyri-müəyyənlik investisiyaları geri çəkə bilər. Bu, ölkəni litium tələbində eksponensial artım dövrünü əldən vermək riski ilə üz-üzə qoyur. Litium-ion batareya istehsal zəncirinin 78 faizindən çoxuna nəzarət edən Çin, Argentina, Avstraliya, Braziliya və Konqo Demokratik Respublikası artıq işə başlayıb və litiumun inkişafı üçün yeni layihələrə start verib.

Çətinlik ondan ibarətdir ki, litium sənayesi əmtəə bazarı deyil, xüsusi kimyəvi maddələr bazarıdır, yəni bu, təkcə yerdən xammal çıxarmaq deyil, həm də onları emal etməkdir. Layihələr ya gecikir, ya da texniki problemlərə görə istehsala çatmır. Bu, təkcə litiumda deyil, həm də kobalt və nikel sulfat kimi digər əsas elementlərdə artım müşahidə edən elektromobilləri və akkumulyator istehsalçılarını narahat edir.

Qlobal batareya tədarük zəncirini izləyən “Benchmark Mineral Intelligence” şirkətinə görə, litium-ion batareyaları bu gün bir il əvvəl olduğundan 20-30 faiz bahadır və qiymət durmadan artacaq. Bu öz növbəsində hər avtomobil üçün 1000-2000 dollar əlavə xərc nəzərdə tutur.

Avtomobil istehsalçıları akkumulyatorların qiymətinin kilovat-saat üçün 100 dollara yaxınlaşdığı halda elektromobillərinin daxili yanma ilə işləyən avtomobillərlə rəqabət apara biləcəyini gözləyirlər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid