Home Biznes və iqtisadiyyat xəbərləri Heç də bütün dövlətlər xalqların tarix, din, dil birliyini strateji müttəfiqlik səviyyəsinə...

Heç də bütün dövlətlər xalqların tarix, din, dil birliyini strateji müttəfiqlik səviyyəsinə yüksəltməyi bacarmır – Könül Nurullayeva

253
0
SHARE

Regionda baş verən hərbi-siyasi böhranlar fonunda Azərbaycan və Türkiyə əməkdaşlığı daha qabarıq formada əhəmiyyətini artırır. Bu gün Ukraynada sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylər nəticəsiz qalır. Azərbaycan və Türkiyə bu səyləri birgə davam etdirirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində də Ukrayna-Rusiya böhranı əsas müzakirə mövzusu olub.

Dünyada qardaş xalqlar çoxdur, amma heç də bütün dövlətlər xalqların bu qardaşlığını, tarix, din, dil birliyini strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəltməyi bacarmır. Azərbaycan-Türkiyə qardaşlığı bu mənada da dünyaya nümunədir. Münasibətlərin ən yüksək səviyyəyə çatmasında liderlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının da söylədiyi kimi, Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Ankara və Bakı bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal işbirliyi aparmaqla bir-birimizin gücünü artırırıq.

2021-ci il iyunun 15-də imzalanan tarixi Şuşa bəyannaməsi isə Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu bir daha dünyaya bəyan etdi. “Şuşa qanunu” kimi tarixə düşən sənəd münasibətlərin yeni mərhələsi üçün yol xəritəsidir. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Əslində, bundan əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən dövlətlərarası sənədlər, o cümlədən hərbi sahədə sıx tərəfdaşlıq, müttəfiqlik prinsiplərini özündə əks etdirən müqavilələr imzalanıb. Bakı və Ankara bundan sonra bütün imkanlarını Cənubi Qafqazı sülh regionuna çevirmək istiqamətinə yönəldib. Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi təbii ki, həm də Azərbaycanın güclənməsi deməkdir.

Könül Nurullayeva

Millət vəkili