“Azərbaycanda “Formula 1” yarışları bir neçə ildir keçirilir. Dünyanın gözü yarışlar keçirilən vaxt Azərbaycanda olur. Çoxsaylı qonaqlar, fanatlar Bakıda toplaşırlar. Bu, siyasi, iqtisadi, turizm və qeyri-neft sektorunun inkişafı baxımından çox müsbət dəyərləndirilir. Son iki ildə Azərbaycan qalib dövlət kimi Qran Pri yarışlarına ev sahibliyi edir. Bunun özü də mühüm məsələdir. Məhz Azərbaycanın qazandığı qələbənin şahidi olmaq istəyən turistlər ölkəmizə axın edirlər. Bu xalqı qalib edən şəhidlərimiz, qazilərimiz var. Onlar qalibiyyətin əsas səbəbkarlarıdırlar”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
O bildirib ki, şəhid ailərinin və qazilərin “Formula 1” yarışlarına tamaşaçı kimi dəvət edilməsi, onlara ən mötəbər kürsülərdə yer ayrılması təqdirəlayiq haldır: “Bu, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətdən doğan çox mühüm təzahürdür. Paralel olaraq məhz şəhid ailələrinin və qazilərin əcnəbi turistlərlə görüşü, fikir mübadiləsi aparmaları əhəmiyyətli məsələdir. Həssas təbəqə olaraq məhz qələbənin səbəbkarlarının bu yarışlara dəvət edilmələri əsas meyardır. Azərbaycan hökumətinin həssas təbəqə ilə bağlı həyata keçirdiyi sosial və digər islahatların vaciblərindən biridir. Bu, alqışlanmalıdır”.